Misli Premyer-liqasının 11-cı turu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, “Turan Tovuz”la ev matçı hücumçunun Ağdam klubunun heyətində çıxdığı 50-ci çempionat oyunu kimi yadda qalıb.
Bu komandada 2017/18 mövsümündə debüt edən Ramil 15 oyun keçirib. “Qarabağ”a qayıtdıqdan sonra ötən çempionat daha 25 dəfə meydana çıxan forvard cari mövsüm komandasının 10 görüşündə forma geyinib. Şeydayev Ağdam klubunda Premyer-liqada keçirdiyi 50 matçda 18 qol vurub.
“Turan Tovuz” üzərindəki 3:0 qələbədə bir topla pay sahibi olan hücumçu Ağdam klubunda ümumilikdə 25-ci dəfə fərqlənib. Ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq “Qarabağ”dakı ümumi qol sayını 25-ə yüksəldib.