“Qarabağ” premyer-liqanın 11-ci turunda “Turan Tovuz”la qarşılaşıb.
Football-plus.az xəbər verir ki, ağdamlılar bu matçdan da itkisiz ayrılıblar – 3:0. Komandanın ikinci qoluna Ramil Şeydayev imza atıb. Millimizin hücumçusunun hesabında ilk 10 turdan sonra 10 top var. O, orta hesabla hər matça 1 qol vurub.
Belə göstəriciyə sonuncu dəfə 2012-13 mövsümündə rast gəlinib. Həmin vaxt son çempion “Neftçi”nin çilili forvardı Nikolas Kanales daha məhsuldar olub. Lakin o, 10 oyunda 11 dəfə fərqlənib.
Bundan cəmi 2 il əvvəl daha bir “Neftçi”li Bahodir Nasimov da eyni göstəriciyə nail olub. O da komandasının ilk 10 oyununda 11 dəfə adını tabloya yazdırıb.
Startdakı 10 turda orta məhsuldarlığı 1-dən aşağı olmayan son azərbaycanlı Zaur Ramazanov olub. O, bunu 2004-05 mövsümündə “Karvan”ın heyətində bacarıb. Millimizin sabiq forvardı da Kanales və Nasimov kimi Şeydayevdən çox – 11 qol vurub. Amma son 18 ildə komandasının startdakı 10 oyununda ən azı 10 qol vuran digər 3 futbolçudan fərqli olaraq Ramazanov bütün matçlarda iştirak etməyib. O, “Karvan”ın ilk 10 oyunundan 9-da meydana çıxaraq 11 dəfə fərqlənib.
İSMAYIL XEYRULLAYEV