Klub rəsmiləri belə hesab edir ki, 2022/23 mövsümündə ən dəyərli oyunçu üçün makafatı almağa əsas namizəd “Dallas”ın oyun qurucusu Luka Donçiçdi. O, səslərin 48 faizini qazanıb. “Miluoki”nin forvardı Yannis Adetokunbonun (34 faiz) da bu mənada şansı böyükdü. Sorğuda 3-cü yeri “Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid (14 faiz) tutub. 2022-nin finalının MVP-si Stefen Karri (Qolden Steyt) səslərin yalnız 3 faizini qazanıb. Müntəzəm çempionatın son MVP-si, “Denver”in mərkəz oyunçusu Nikola Yokiç namizəd kimi diqqəti cəlb etməyib.
23 yaşlı Donçiç komandasının 2022/23 mövsümündə çempionluğa can atacağını deyib:
“Hər il qarşıya qoyduğumuz hədəf çempionatda hamını qabaqlamaqdı. Ötən mövsüm də hədəfimiz bu idi, bu mövsüm də. Düşünürəm ki, liqada getdikcə daha çox hörmət qazanırıq. Əla komandamız var. Sadəcə, bu hədəfə çatacağımıza inanmalıyıq”.
Xatırladaq ki, “Dallas” 2021/22 mövsümündə Qərb konfrasında finala qədər irəliləsə də, “Qolden Steyt”ə 1:4 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.



