''Qalatasaray'' bu mövsüm Avropa səhnəsində mübarizə aparmasa da, Avropa nəhəngləri ''sarı-qırmızılar''ın istedadlı oyunçularını izləməkdə davam edir.
Məlum olub ki, 7-ci turda ''Cim-Bom''un evdə ''Konyaspor''u 2:1 hesabı ilə yendiyi qarşılaşmanı ''Nef Stadionu''nda ''Liverpul'' slautları da izləyibmiş. Əslində onlar gizlicə oyunu izləmək istəyirdilər. Amma elektron bilet ala bilmədiklərinə görə yardım üçün ''Qalatasaray''a müraciət ediblər. İstanbul nəhənginin rəsmiləri də İngiltərədən gələn qonaqlara yardım edərək onları tribunada yerləşdirib. Skautlar əsasən 4 futbolçunu izləyiblər. Söhbət Saşa Boe, Viktor Nelsson, Kərəm Aktürkoğlu və Yunus Akgündən gedir. Bu oyunçuların arasında ən çox diqqət çəkəni Boedi. Fransızəsilli kamerunlu cinah müdafiəçisi başqa klubların da maraq dairəsindədi. Ötən mövsüm Kərəm Aktürkoğlu da skautların ən çox maraq göstərdiyi futbolçu idi. Kərəm 52 rəsmi oyunda 13 qol, 8 məhsuldar ötürməlik performans sərgiləmişdi. Konkret desək, ''Lion'' skautları onu izləmək üçün bir neçə dəfə Türkiyəyə gəlmişdilər. Amma fransızlar bu yay vingeri transfer etməkdən vaz keçərək onun bir qədər də inkişaf etməsini gözləməyi lazım bildilər.