İngiltərəli mərkəz yarımmüdafiəçisi Cud Bellingem “Real”ın gələn yay üçün əsas transfer hədəfidi.
Bunu jurnalist Xose Alvares Qayya xəbər verib, ardından başqa mənbələr də onu doğrulayıb:
“Real” bu oyunçunun xidmətində maraqlıdı, onunla artıq gələn yaydakı mümkün transferi ilə bağlı danışıb. Bellingem müsbət cavab verib. İngiltərədəki mənbələrin mənə dediyinə görə, Bellingem “Mançester Siti”nin təklifinə baxmayaraq, “Real”da oynamaq istəyir. Mənə dedilər ki, MS xavbek uğrunda mübarizəyə ciddi köklənib. Klub onun ailəsi ilə Mançesterdə görüşüb, ancaq cavab belə olub ki, Cud əvvəlcə “Real”ın təklifini dinləmək istəyir. Danışıqlar uğurlu keçsə, futbolçu növbəti mövsüm madridlilərin şərəfini qoruyacaq”.
“Real” Bellingemdən müqavilə müddətini uzatmamağı xahiş edib
“Marca”ya inansaq, “Real” Cudu hələ 2020-də “Borussiya”ya qoşulana qədər izləyib. Ancaq məhz bu il madridlilər Orelyen Çuameninin keçidə razılıq verəcəyinə əmin olmadığından ingiltərəli futbolçu ilə ilk dəfə əlaqə saxlayıb. “Real”ı ciddi addım atmaqdan çəkindirən daha bir amil isə Mbappenun mümkün transferi təqdirində əlavə maliyyə yükünün altına girməmək istəyi idi. Çuameninin transferinin gerçəkləşməsinə baxmayaraq, madridlilər Bellingemdən Dortmund klubu ilə müqavilə müddətini uzatmamağı xahiş edib. Futbolçu elə belə də edib, ancaq eyni zamanda başqa variantları da gözdən keçirir. Onun dortmundlularla mövcud müqaviləsinin müddəti 2025-də bitəcək.
İndi “Real”ın heyətində altı yarımmüdafiəçi var, ancaq onlardan üçünün müqavilə müddəti yayda bitir. Modriçlə Kroos vacib futbolçulardı, sadəcə, yaşları da həlledici rol oynaya bilər, bu üzdən klubun onları saxlamaması mümkündü. Üçüncüsü Dani Sebalyosdu. Ançelotti ona güvənsə də, əsas heyət üzvü deyil, müqavilə müddətinin uzadılacağına təminat verməyib.
Beləliklə, “Real” bu yay yarımmüdafiəçilərindən yarısını buraxa və Bellingem onların əla əvəzedicisi ola bilər. “Borussiya” ilə xoş münasibətlər isə danışıqlar prosesində madridlilərə kömək etməlidi. Düzdü, Cud uğrunda ciddi mübarizə aparmaq lazım gələcək. Premyer-liqanın top-klubları – “Liverpul”, MY, MS və “Çelsi” də ona iddialıdı. Deyilənə görə, “Borussiya” gələn yay 19 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro tələb edəcək. Erlinq Holanndan fərqli Bellingemin müqaviləsində dəbbəpulunun məbləği yazılmasa da, Cud tarixin ən bahalı ingiltərəli futbolçusu ola bilər.
11 yaşında “Liverpul”un marağını çəkib
İngiltərənin iki nəhəngi – “Liverpul”la MY də çoxdan Bellingemə göz qoyub. Bununla bağlı maraqlı məqamlar var.
• Bellingem hələ 11 yaşında Mersisaydla tanış olub, onda cəmi iki gün ərzində bütün personalda xoş təəssürat oyatmışdı. “Liverpul” onu cəmi 9 min avroya götürə bilərdi, ancaq Cudun valideynləri bu sövdələşmənin əleyhinə çıxdı. Ailəni parçalamaq istəmədilər, bu üzdən oğlan “Birmingem”də qaldı. Təxminən eyni vaxtda “Mançester Siti” ilə “Çelsi” də onun “ovuna çıxmışdı”.
“Liverpul”un izləməyə davam etdiyi Cud 2019-un avqustunda “Birmingem”in tarixinə əsas komandada ən gənc yaşda (16 yaş 38 gün) debüt edən futbolçu kimi düşdü. Futbolçunun klubdan ayrılması ilə “Birmingem” hətta 22 nömrəli formanı istifadədən çıxardı, özü də çox qəribə məntiqlə: klubda hesab etdilər ki, o, 4, 8 və 10 nömrə funksiyalarının öhdəsindən yaxşı gəlib və bu rəqəmləri topladılar. İngiltərə klubu Cudun “Borussiya”ya transferinin detallarını açıqlamasa da, əldə olan bilgi budu ki, istənilən növbəti sövdələşmədən 5 faiz “Birmingem”ə çatacaq.
Bellingemin “Liverpul”la əlaqələrinə qayıdaq. Cud “Enfild”in əfsanəsi Stiven Cerrardın heyranıdı və “Aston Villa”nın baş məşqçisinin onu dünyanın ən yaxşı 5 yarımmüdafiəçisindən biri adlandırmasıyla qürur duyur. Cudu “Liverpul”un indiki kapitanı Cordan Henderson da tərifləyir:
“Onun oyunu xoşuma gəlir. Xarakterini də bəyənirəm, əsas olan budu. Onun haqqında yalnız xoş söz deyə bilərəm. Əla oğlan, fantastik futbolçudu, ildən-ilə daha da yaxşılaşacaq”.
Müasir “Liverpul”a Cud çox lazımdı: bu mövsümün ardından Aleks Oksleyd-Çemberlen, Nabi Keyta və Ceyms Milnerin müqavilə müddəti bitir. Bellingem bu yay da “Liverpul”da görünə bilərdi, ancaq “Borussiya” onda danışıqlardan qəti şəkildə imtina etdi. Futbolçunun istedadına heyran olan Yürgen Klopp da bu haqda danışdı:
“Cud bazarda yoxdu – oyunçu ilə bağlı ilk və əsas problem budu”.
• “Mançester Yunayted” Cudun atası Markla münasibət qurub – o Cudun karyerasına təsir göstərə bilir. Bellingemlər futbolçunun “Borussiya”ya transferindən əvvəl MY-nin məşq bazasına baş çəkib. Klubun əməkdaşları Markı gündəlik fəaliyyətlə bağlı hədsiz çox sual verən xırdaçı peşəkar kimi xatırlayırlar.
“Yunayted”in idman direktoru Con Mertonun Markla qurduğu münasibətlər indiyə qədər davam edir. Mançesterlilər Bellingemin oyununu 12 yaşından bəri izləyirlər. Komandanın sabiq məşqçilərindən Maykl Karrik yarımmüdafiəçinin qeyri-standart düşüncə tərzinə heyranlığını gizlətməyib. Hətta ser Aleks Ferqyuson da Cudun valideynləri ilə görüşüb. Ancaq həmin dialoq qısa alınıb və heç nəyə təsir etməyib. Nəticədə Bellingemlər “Borussiya”ya meyillənib: ailə Almaniya variantını karyera baxımından daha ideal variant saydığından bu ölkəyə köçüb. Nümunə üçün uzağa baxmaq lazım deyil: Ceydon Sanço məhz eyni yaşda MS-ni tərk edəndən sonra Dortmundda parladı. Yeri gəlmişkən, “Siti” də Bellingemi istəyir – Holann artıq aralarındakı yüksək səviyyəli anlaşmanı bərpa etməyi təklif edir.
Yarımmüdafiənin istənilən yerində oynaya bilir
Bellingem “Borussiya”nın əsas universalıdı. Yarımmüdafiənin istənilən nöqtəsində oynaya bilər. O artıq komandanın həlledici oyunçusudu – 44 oyunda 3787 dəqiqə meydanda olub, daim start heyətində görünüb, meydanda keçirdiyi oyun vaxtına görə liderdi. Həm də cəmi 19 yaşında. Ötən mövsümün startından bəri yaşı 20-dən aşağı olan heç bir futbolçuya bu qədər güvənməyiblər. Cud “Arsenal”da 2978 dəqiqə oynayan Sakanı da qabaqlayıb.
Bellingem ötən mövsüm bundesliqada 8 məhsuldar ötürmə verib, ancaq onun hücum potensialını yalnız bu göstərici əsasında qiymətləndirməyə dəyməz. Cud təkcə ötürmələr vermir, həm də rəqibləri özünə çəkir. Mərkəz zonasında driblinqdən yararlanmaqla oyundaşları üçün boş zonalar açır. Ötən mövsüm hər oyunda orta hesabla 3,3 dəfə driblinq etməklə bu göstəricidə bundesliqada ilk “5-liy”ə daxil olub. İngiltərəli müdafiədə də faydalıdı, müntəzəm şəkildə pressinq əməliyyatına qatılır – düzdü, belədə sarı vərəqə qaçılmaz olur. Bundesliqanın ötən mövsümündə 9 dəfə cəzalanıb.
“Borussiya”nın Bellingemdən hələ ki imtina etməməsi də məntiqlidi. Klubun idman direktoru Sebastyan Kelin fikirləri:
“Cud burda çox xoşbəxtdi və bizə sadiqdi. Ümid edirəm ki, o, gələn mövsüm və hələ uzun müddət qala bilər. Yaxşı oyunçularımızı imkan daxilində uzun müddət saxlamaq istəyirik. Cud onlardan biridi”.