Özü də Karlo Ançelotti madridlilərə Çempionlar Liqasını 10-cu dəfə qazandırandan dərhal sonra. Bir neçə ay əvvəl isə Karlo və Toni “Real”a bu titulu 14-cü dəfə də qazandırdı.
Florentino Peres 30-dan yuxarı yaşı olan futbolçulara sərt münasibəti ilə məşhurdu. “Real” bir çox yaşlı əfsanəsi ilə arzuolunmaz şəkildə vidalaşıb. Ancaq Kroosla Modriçə klubda xüsusi münasibət var. Toni mövsümdən əvvəl karyerasının sonuna qədər “Real”da oynamaq istədiyini bildirsə də, dəfələrlə onu da xatırladıb ki, istənilən vaxt meydandakı yerini başqasına verməyə və karyerasını bitirməyə hazırdı, təbii ki, klub bunu istəyərsə.
Kroos çoxdan yığma karyerasını bitirib. Hələ də “Real”da oynamağa davam etməsinin səbəbi isə bu kluba bəslədiyi sərhədsiz sevgidi. Almaniyalı hələ 2014-də etiraf etmişdi ki, “Real”dan təklif almasaydı, bütün klubların təkliflərini rədd edər və “Bavariya”da qalardı. Ümumiyyətlə, Kroosun bu mövsümün ardından karyerasını bitirməsi tam realdı. 32 yaşlı futbolçu yayda bitəcək müqaviləsini yeniləməklə bağlı müzakirələrdən boyun qaçırır. Toni karyerasının zirvəsində getmək istəyir, ona elə gəlir ki, bundan sonra yalnız gənc futbolçuların inkişafına mane ola bilər.
Bu arada Kərim Benzema meydana dönməyə hazırdı. Ulduz hücumçu komandanın məşqindən sonra jurnalistlər önünə çıxıb:
“Komandaya qayıtdığıma görə sevinirəm. Özümü çox yaxşı, rahat hiss edirəm. Bazar günü oynamaq istəyirəm, indi fitneslə çox məşğul oluram. Hələ ki topa toxunmamışam, bu gün ilk məşqə çıxdım. Son bir neçə gündə çox qaçdım, güc məşqləri keçdim. Məzuniyyətdən bir qədər gec qayıtdığıma görə mövsümə yaxşı hazırlaşmaq üçün vaxtım çox olmamışdı. Bu üzdən belə tez sıradan çıxdım. Ancaq mövsümöncəsi hazırlığı tamamladım və indi özümü yaxşı hiss edirəm”.
Xatırladaq ki, “Real” bazar günü “Osasuna” ilə qarşılaşacaq.


