Yaxın keçmişin ən önəmli ulduzlarından olan Ueyn Runi maraqlı etirafı ilə diqqət çəkib.
''Mançester Yunayted'' və İngiltərə yığmasının sabiq forvardı birlikdə oynamaqdan ən çox zövq aldığı futbolçunun adını açıqlayıb. Bu, heç də Kriştiano Ronaldo deyil. Halbuki onlar 6 mövsüm bir yerdə çıxış ediblər. Sözü verək Runinin özünə:
''Birlikdə oynamaqdan ən çox zövq aldığım oyunçu Karlos Teves idi. İlk vaxtlardan görünürdü ki, meydanda bir-birimizi gözəl tamamlayırıq. Oyunun gedişində dəfələrlə mövqeyimizi dəyişə bilirdik. Mən gah mərkəz hücumçusu, gah da oyun qurucusu kimi oynayırdım. Biz topu itirəndə sanki iki dənə buğaya çevrilirdik. Dərhal onu geri almaq üçün mübarizə aparırdıq''.
Runi Teves ilə ''Yunayted''də cəmi 2 mövsüm (2007-09) birlikdə forma geyib. Karyerasını 2021-in yanvarında bitirən Runi hazırda ''Di Si Yunayted''i çalışdırır. Runi həm ''Yunayted'' (559 oyun, 253 qol), həm də İngiltərə yığması (120 oyun, 53 qol) tarixinin ən məhsuldar oyunçusu statusundadı.