Ötən həftə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 80 hərbi qulluqçumuz şəhid oldu.
Onlardan biri də leytenant Erkin Hüseynovdu. Gənc zabit "Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyevin qardaşının oğludu. Veteran futbolçunun şəhadətə ucalan qardaşıoğlu haqda fikirlərini öyrəndik:
"Erkin çox dürüst, təmkinli, tərbiyəli, vətənpərvər oğul idi. O, ata-ananın yeganə övladıydı. Amma qohum-əqrəba yüksək insani keyfiyyətlərinə, böyük-kiçiyin hörmətini gözlədiyinə görə onu çox istəyirdi. Bakı Dövlət Universitetini bitirmişdi. Sonra hərbçi olmaq istədiyini bildirdi. Ailəsi və yaxınları buna qarşı çıxsalar da, dediyini etdi və leytenant oldu. Yuxarıda dediyim kimi, qardaşımoğlu həmişə valideynlərinin hörmətini saxlayan olub və böyükləri nə deyibsə, can-başla razılaşıb. Yalnız hərbçi olmaq qərarını özü verdi. Çox vətənpərvər uşaq idi. Xidmətdə də yoldaşlarının hörmətini qazanıb, vətənə-dövlətə xidmət edib. Erkinin gələcəyi hələ qabaqda idi, onun itkisi valideynləri, mən və bütün qohumlar üçün böyük dərddi. Yeganə təsəllimiz odu ki, sevdiyi peşəsində vəzifəsini layiqincə yerinə yetirərək vətən uğrunca canından keçdi. Qardaşımoğluna Allah rəhmət etsin, onunla qürur duyur, fəxr edirəm".
ABDULLA İSMAYILOĞLU