Dünən bundesliqanın 7-ci turunda böyük bir sürpriz qeydə alındı.
''Bavariya'' səfərdə ''Auqsburq''a minimal hesabla boyun əyərək mövsümdə ilk məğlubiyyətini yaşadı. Özü də meydan sahiblərinin qələbə qolunu ''Fənərbaxça''ya lazım olmayan və ''Auqsburq''a birillik icarəyə verilən Mergim Berişa vurdu. Maraqlıdı ki, 24 yaşlı forvard daha öncə 2020/21-də də Çempionlar Liqasında ''Zaltsburq''un heyətində ''Bavariya''ya 2 qol vurmuşdu. Daha bir diqqətçəkən məqam odu ki, ''Auqsburq'' buna qədər cari mövsümdə evdə keçirdiyi hər 3 oyunda məğlub olmuşdu! Münhen nəhəngi ilə bağlı isə 2 fakt diqqəti cəlb edir. Komanda bundesliqada ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı ki, sonuncu dəfə bu hal 2001-ci ildə yaşanmışdı.
Bundan başqa ''Bavariya''nın möhtəşəm qol seriyası 88-ci oyunda qırıldı. ''Rekordmayster'' sonuncu dəfə bundesliqada 2019/20-nin 21-ci turunda evdə ''Leyptsiq''lə qarşılaşmada qola həsrət qalmış və sonrakı 87 oyunun hər birində fərqlənməklə turnirin yeni rekordunu müəyyənləşdirmişdi.