Abdulla Zubir “Qarabağ”ın ən çox sevilən futbolçularındadı. Mərakeş əsilli vinger yerli çempionatının ən texnikalı və driblinq edən oyunçusudu deyə bilərik.
5 mövsümdü Ağdam təmsilçisində çıxış edən 30 yaşlı yarımmüdafiəçi sərgilədiyi gözəl futbolla özünü sevdirə bilib. Görəsən, fransalı futbolçu bu haqda nə düşünür? O, “Qarabağ”da xoşbəxtdi? Nə vaxtsa Ağdam klubundan getmək istəyibmi? Avropa Liqasında komandanın uğur qazanacağına ümid edir? Nə vaxtsa milli komandamızda çıxış edə bilər? Bu və başqa suallara cavab tapmaq üçün futbolçunun özü ilə əlaqə saxladıq. Yarımmüdafiəçi ilə söhbətdə yuxarıda qeyd olunan bir çox məqama aydınlıq gətirdik.
- Avropa Liqasının ilk oyununda səfərdə “Frayburq”a uduzduz. Komanda yaxşı mübarizə aparsa da, yekunda sevinən tərəf almanlar oldu. Görüşlə bağlı fikirlərini bilmək maraqlıdı...
- Qarşılaşmanın ilk 15 dəqiqəsi bizim üçün olduqca çətin oldu. Bu müddət ərzində etdiyimiz səhvlər iki2 qol buraxmağımızla nəticələndi. Özümüzə gələndən sonra oyunun axarını dəyişə bildik. İlk hissənin sonlarında qollardan birinin əvəzini çıxdıq. İkinci hissədə isə üstün tərəf biz idik. Bir neçə şans əldə etsək də, yararlana bilmədik. Nəticədə məğlub olduq.
- Həmin oyundakı penalti epizodu haqda danışmağını istərdim. Hadisələrin mərkəzində sən idin. Zərbə vurmağa yaxın olduğun halda yerdə qaldın. Həmin vəziyyət barədə nə deyə bilərsən?
- Kadi gözəl ötürmə ilə məni zərbə mövqeyinə çıxardı. Topu qəbul edəndən sonra bir qədər irəlilədim. Zərbə vurmaq istədiyim anda müdafiəçi mənə toxundu. Yerdə qalsam da, hakim penalti qərarı vermədi. Düşünürəm ki, yanlış qərar idi. Epizodun təkrarına baxanda da bunu görmək olar. Lakin referi fərqli düşündü. Bu futboldu, belə şeylər olur.
- Həmin görüş zamanı “Frayburq” bundesliqanın lideri idi. Düzdü, “Qarabağ” bura kimi Polşa, İsveçrə və Macarıstan çempionlarını məğlub etməyi bacarmışdı. Pley-offda “Viktoriya”ya uduzmuşdu ki, onlar da Çexiya çempionu idi. Bütün bunları nəzərə alanda bundesliqanın lideri ilə görüşdə hansı fərqli və çətin məqamların olduğunu söyləmək olar?
- “Frayburq” çox yaxşı komandadı. Onlar əla təşkilatlana bilirlər. Taktiki cəhətdən də komanda güclü idi. Müdafiədə çox səhvlərə yol vermirdilər. Meydanda rəqibin oyunçularının taktiki və texniki cəhətdən güclü olduqlarının fərqinə varırsan. Həqiqətən də yaxşı futbolçulara sahibdilər. Xüsusilə də sağ və sol cinahdakı vingerlər özlərini yaxşı tərəfdən göstərə bildilər.
- “Qarabağ” azarkeşlərinin çoxu düşünür ki, Vaci gedəndən sonra komandanın hücum xətti az da olsa, zəifləyib. Sən bu haqda nə düşünürsən?
- Yenə deyirəm, bu futboldu. Komandaya yeni qoşulanların olduğu kimi, tərk edənlər də olur. Vaciyə gələcək karyerasında uğurlar arzulayıram. Lakin düşünürəm ki, bizim komandanın heyətində yenə güclü futbolçular mübarizə aparır. Sözsüz, Vaci həm fiziki cəhətdən güclü, həm də sürətli futbolçu idi. Lakin o, yeni macəraya atıldı. Buna görə də Vaciyə uğurlar arzulamaqdan başqa çarəmiz yoxdu. Yenə deyirəm, bizim komandada onu əvəzləyəcək yetərincə futbolçu var.
- Avropa Liqasında növbəti oyun Bakıda “Nant”a qarşı olacaq. Bu görüş haqda nə deyə bilərsən?
- Rəqib Fransa klubudu. Ötən mövsüm kubokun qalibi olublar. Çətin oyun olacaq. Lakin doğma meydanda qələbə qazanmağa çalışacağıq. Avropa Liqasının qrup mərhələsində asan rəqib olmur. Bizim də kifayət qədər Avropa təcrübəmiz var. Çalışacağıq ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirək.
- Futbol ictimaiyyəti iki yerə bölünüb. Çoxları düşünür ki, Zubir varsa, komanda yaxşı oyun sərgiləyəcək. O, nəsə edəcək - rəqibi aldadacaq, müdafiənin arxasına qaçacaq, yerindən qapıya zərbə vuracaq və azarkeşləri həyəcanlandırcaq. Onların bu fikri haqda düşüncələrini bilmək maraqlı olardı. Bu, sənin üçün üstünlükdü, yoxsa əlavə basqı?
- Səmimi olacam. Oyun zamanı mənim öz dünyam var. Konkret futbola köklənirəm. Əlimdən gələnin ən yaxşısını edirəm ki, komandama fayda verim. Matçlarda ancaq özüm üçün nəsə etmirəm. Azarkeşlərin fikri ilə tam razı deyiləm. Çünki “Qarabağ”ın heyətində oyunun taleyini həll edə biləcək kifayət qədər futbolçu var. Amma belə olan halda da mənim üçün basqı deyil. Hətta sevindirici məqamdı deyə bilərəm.
- Bu fikrin əksini düşünənlər də var. Bir çoxları deyir ki, Zubir topla çox oynayır, gec ötürmə verir, hətta xəsislik edir...
- Belə düşünənlərə də hörmət edirəm. Yenə deyirəm, futbol belə oyundu. Hərənin öz baxışı var. Bəziləri haqqımda yaxşı düşünür, başqaları pis. Bu haqda çox düşünmürəm. Öz oyunuma köklənirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, komandama fayda verim.
- 5 mövsümdü “Qarabağ”dasan. Elə bir an olub ki, Ağdam təmsilçisini tərk etmək istəmisən? Ya da hansısa klubdan gələn təklif ağlını başından alıb və getmək istəmisən?
- Xeyr! Həqiqətən burda xoşbəxtəm. Bir gün getmək istəsəm, bunu edəcəm. Amma belə şeylər haqda çox düşünməmişəm. Mənim üçün əsas olan meydana çıxmaq və öz oyunumu sərgiləməkdi. Komandaya fayda verəndə çox sevinirəm. Burda yaxşı ab-hava var. Buna görə də özümü xoşbəxt hiss edirəm. “Qarabağ” mənim özümdü. Klubu tərk etmək haqda heç vaxt düşünməmişəm.
- Mövsümün sonunda Azərbaycanda çıxış etməyinin 5 ili tamam olacaq. “Qarabağ”ın heyətində “milliləşdirilən” futbolçular var. Riçard Almeydanı, Filip Ozobiçi buna nümunə göstərmək olar. Bu haqda düşünməmisən? Nə vaxtsa Azərbaycan millisində oynamaq istəyərsən? Nəzərə alaq ki, futbol ictimaiyyətinin 80 faizi sənin yığmada çıxış etməyini istəyər.
- Həqiqətən nəsə deyə bilmərəm. Əlbəttə, Azərbaycan millisində çıxış etmək məni xoşbəxt edər. Bir çox oyunçuların arzusudu ki, yığmada oynasın. Sənin də söylədiyin kimi, 5 ilə yaxındı Azərbaycanda çıxış edirəm. Bu ölkəni yaxşı tanıyıram. Yığma haqda hər şeyi bilirəm. Baş məşqçinizi tanıyıram. Düşünürəm ki, bəzi şeylər mənim üçün çox yaxşı ola bilər. Amma indiki məqamda bu haqda nəsə deyə bilmərəm. Çünki “milliləşdirilmə” ilə bağlı təklif olmayıb.
İLKİN SULTANLI