Paulo Dibala “Roma”nın İtaliya çempionatında “Montsa”ya 3:0 hesabıyla qalib gəldiyi oyunun qəhrəmanı olub.
Bu yay “Yuventus”u azad agent kimi tərk edən argentinalı hücumçu sarı-qırmızı formada qol hesabını açıb. Özü də dubl etməklə. 28 yaşlı Paulo A seriyasında 100-cü qolunu vurub. “Yuventus”dan əvvəl “Palermo”nun formasını daşıyan futbolçunun bu liqada 50 məhsuldar ötürmə etdiyini də xatırladaq.
“Roma”nın baş məşqçisi Joze Mourinyo Dibalanı əvəzləyəndən sonra bir-birinə baxaraq niyə güldükləri ilə bağlı sualı belə cavablayıb: “Ötən mövsüm “Yuventus” burda – “Olimpiko”da oynayarkən Paulo əvəzlənəndən sonra ona “sən çox yaxşısan, oğlan” demişdim. Bu gün ona eyni sözləri söylədim. Bir andaca gülümsündük, ona görə ki, hər ikimiz onun bu stadionda qol vurduğunu xatırladıq. Elə istedadlar var ki, yalnız bir komandaya təhkim olunurlar. Amma Paulo komanda üçün oynayan böyük istedaddı. O, müdafiədə oyun üçün yaranmasa da, komandaya bu planda da köməyi dəyir”.