Gəncəli və qəbələli azarkeşlərin tribuna davası - AÇIQLAMA

18.08.2022 14:40 576
Premyer-liqa / Manşet
Gəncə şəhər stadionu hazır olana qədər “Kəpəz”in ev oyunlarını Qəbələdə keçirəcəyinə qərar verilib.

Təsadüfdən premyer-liqanın 3-cü turunda “sarı-göylər” yeni məkanda nominal meydan sahibləri kimi məhz “Qəbələ”ni qonaq edəcək.

İlk baxışdan burda qeyri-adi heç nə yoxdu. Ancaq gəncəli azarkeşləri narahat edən bir məqam var. “Qəbələ” ilə görüşdə meydan sahiblərinin azarkeşləri üçün nəzərdə tutulan tribuna kimə ayrılacaq? Nominal meydan sahiblərinə, yoxsa stadionun qanuni sahibinə?

Bazar günü keçiriləcək qarşılaşmadan əvvəl hər iki komandanın tərəfdarları arasında artıq bu mövzuda polemika başlayıb. Kəpəz”in qatı fanatı kimi tanınan Müşfiq Məmmədovun “feysbuk” profilindəki “3-cü turun oyununda ev sahibi tribunasında olmağı tələb edirik!!!” paylaşımına “Qəbələ”nin Nəriman Təbriz adlı azarkeşi belə cavab verib:

“Gəlirsiz, xoş gəlirsiz. Qonağımızsız, qulluğunuzdayıq. İstənilən halda meydanda “Qəbələ” yoxdusa, biz də tribunada yoxuq. Və harda istəsəz, dayana bilərsiz. Ancaq meydanda “Qəbələ” varsa, tribunada biz varıq. Biz tribunamızı heç kimə verməyəcəyik. İstər xoşluqla, istər başqa variantda. Yəni qonağımızsız, qulluğunuzdayıq. Ancaq biz tribunamızı heç kimə verən deyilik. Bunu yadda saxlayın”.


Paylaşımdan və ona verilən qarşılıqdan hiss olunur ki, tribuna məsələsi vaxtında həll olunmasa, bu suala aydınlıq gəlməsə, bazar günü baş tutacaq matçda iki klubun azarkeşləri arasında gərginlik yaşanacaq. “Football-plus.az” olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Bu məqsədlə “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacı ilə əlaqə saxladıq:

“Sosial şəbəkələrdə azarkeşlər arasında gedən yazışmalardan xəbərimiz var. Artıq iki klub arasında bu mövzuda razılıq əldə olunub. Fikrimcə, heç bir gərginlik yaşanmayacaq. Bizim fanatlar ev oyunlarında əsasən B-4 tribunasında əyləşirlər ki, bu dəfə də belə olacaq. “Kəpəz” azarkeşləri üçün də müəyyən yerlər ayrılıb. PFL-in Əsasnaməsində qonaq komandaya stadionun azarkeş tutumunun 20 faizinə qədər yer ayırlması ilə bağlı bənd var. İki klubun rəsmiləri öz aralarında bu mövzuda razılaşıb çempionatın təşkilinə cavabdehlik daşıyan quruma xəbər verməlidi. Hansısa insidentdən söhbət gedə bilməz. Asayiş keşikçiləri də bu məsələnin tənzimlənməsinə nəzarət edəcəklər”.


RƏŞAD