VAR-ın işi ilə bağlı yenilik ediləcək

4.08.2022 19:05 332
Dünya futbolu
İngiltərə premyer-liqasının rəhbərliyi azarkeşlər üçün oyunun şəffaflığını artıqmaq niyyəti ilə hakimə videoyardım sisteminin (VAR) işində ciddi dəyişiklik etməyi planlaşdırır.

“Times” xəbər verir ki, oyun vaxtı hakimlər arasında gedən danışıqları ictimaiyyətə açıqlamaq planı var. Əsas məqsəd budu ki, fanatlar VAR qərarlarının qəbul edilməsi prosesini anlasın.

Premyer-liqanın icraçı direktoru Riçard Masters bu ideyanın ciddi şəkildə dəstəkləndiyini deyib:

“Ümumi fikir belədi ki, audioyazının açıqlanması yaxşı ideyadı. Hakimlərin qərar qəbulu prosesinin azarkeşlər üçün daha açıq olması ilə bağlı niyyətimiz var”.


Bu konsepsiya artıq MLS-də sınanıb, hakimlərin danışıqları audiformatda “yutub”da yer alıb. Premyer-liqanın sabiq hakimi Hovard Uebb MLS-də hakimlər korpusuna rəhbərlik edir, ancaq premyer-liqaya yenidən baş hakim kimi dönmək niyyətindədi. Uebb İngiltərədə yeni konsepsiyanın işə salınmasında həlledici rol oynaya bilərdi, axı ABŞ-da bu işin incəliklərinə yiyələnib.

İlk dəfə 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatında sınanan VAR ümumilikdə uğurlu layihə sayılıb. Ancaq premyer-liqada tətbiq edildiyi 2019-dan bəri mübahisə və tənqidlər üçün maqnit rolunu oynayıb. Xüsusən də iş əllə oyuna gələndə və ofsaydla bağlı sərt qərarlar veriləndə.
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand ötən ay VAR-la bağlı fikirlərini bölüşmüşdü:

“Bəzən bu normaldı, ancaq çətin vəziyyətlərdə yardım etməli olan sistem əslində daha çox suyu bulandırır. Beynəlxalq turnirlərdə hakimlər dərhal ekrana baxır. Mərkəz hakiminin qərarları laysmanların köməyi ilə verməsi mənim üçün daha üstün variantdı”.


Ötən həftə İngiltərə Superkuboku uğrunda “Mançester Siti” ilə “Liverpul” arasında keçirilən oyunda azarkeşlər hər iki komandanın futbolçularının əllə oynaması ilə bağlı VAR hakimlərinin verdiyi qərarlardan narazı idi. “Qırmızılar”ın oyunçusu Joel Matipin topa əllə toxunması gözdən qaçdısa, “Siti”nin oyunçusu Ruben Diaş eyni hərəkətə görə cəzalandı – onun komandasının qapısına penalti təyin etdilər, zərbəni dəqiq yerinə yetirən Salah qələbənin səbəbkarı oldu.