Məlum olduğu kimi, ölkəmizi Avropada uğurla təmsil edən ''Qarabağ'' Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ''Ferentsvaroş''la qarşılaşacaq.
Macarlar 2-ci təsnifat mərhələsində evdə gözlənilmədən ''Slovan''a 1:2 hesabıyla uduzsalar da, səfərdə 4:1-lik parlaq qələbə qazanaraq ağdamlılara rəqib oldular. Budapeşt klubunu ötən ilin dekabrından bəri Stanislav Çerçesov çalışdırır. 58 yaşlı rusiyalı mütəxəssis ötən mövsüm ''Ferenstvaroş''a həm çempionluq, həm də ölkə kubokunu qazandırıb. DÇ-2018-də Rusiya yığmasını 1/4 finala qədər daşımağı bacaran və Aleksandr Nevski ordeni ilə təltif olunan Çerçesov Rusiya mətbuatına geniş müsahibə verib. "Football-plus.az" həmin müsahibənin tərcüməsini təqdim edir.
- ''Slovan''a qarşı cavab görüşü məşqçi karyeranızdakı 400-cü qarşılaşma oldu. Oyundan öncə bu faktı bilirdizmi?
- Düzünü desəm, bilmirdim. Bir tanışım həm bu faktı, həm də karyeramdakı başqa yubiley oyunlarını xatırlatdı. Mənim üçün əsas odu ki, qalib gəldik və mərhələni adladıq.
- Ötən mövsümün gedişində hətta vacib oyunlardan sonra da oyunçulara birgünlük istirahət vermirdiz. Yenə belə oldu?
- Əlbəttə! Çünki həftəsonu mövsüm start götürür və bazar günü oyunumuz var. Özü də ilk turda ciddi rəqiblə - ''Puşkaş Akademiya'' ilə qarşılaşacağıq. Ona görə də rahatlaşmağa vaxt yoxdu və bunu elə Bratislavadakı matçın ardından paltardəyişmə otağında oyunçulara da dedim.
- Evdəki ilk görüşdə qeydə alınan məğlubiyyətdən sonra çoxları sizin mərhələni adlayacağınıza inanmırdı.
- Əsas odu ki, biz özümüz buna inanırdıq! ''Slovan'' ciddi rəqibdi. Onların heyətində yığma üzvləri, eləcə də ''Milan''ın sabiq oyunçuları var. İlk oyunda yol verdiyimiz səhvləri bizə bağışlamadılar. Həmin oyunda slovakiyalılar öz güclü tərəflərindən, yəni standart zərbələr və əks-hücumlardan əla istifadə etdilər. Üstəlik mənim əvəzetmələrim də özünü doğrultmadı. Sonradan oyuna qoşulanlar matçın tempinə uyğunlaşa bilmədilər və meydanda bir qədər özlərini itirdilər. Cavab oyununa bütün bu səhvlərdən nəticə çıxararaq hazırlaşdıq. İkinci hissədə bəzi yorulan oyunçular olsa da, ilk oyunun acı təcrübəsindən sonra onları əvəzləməyə tələsmədim. Yorulsalar da, matçın tempinə ayaq uydura bilirdilər. Oyuna çox yaxşı kökləndiyimizdən hətta yorulanlar belə əla xarakter nümayiş etdirib sona qədər döyüşdü. Buna görə də komandaya minnətdaram. Qəribədi ki, ilk görüşdə sərgilədiyimiz oyun daha çox xoşuma gəldi. Amma göründüyü kimi yaxşı oynamaqla qalib gəlmək arasında fərq var. “Slovan” ikinci oyunda da standart zərbədən qol vura bildi. Amma bu qolun cavabını artıqlamasıyla verdik.
- Həm də keçmişdə yaşanan qalmaqal üzündən hər iki oyun gərgin ab-havada keçdi.
- Bəli, püşk bu komandaları bir-birinə rəqib edən kimi hər iki ölkənin mətbuatında 1992-ci ildəki hadisələr yada düşdü. O vaxt Slovakiya polisi tribunada ''Ferenstvaroş'' fanatlarını ciddi şəkildə döymüşdü. Buna aid internetdə videolar çoxdu. Hətta bir ara futbol ikinci plana keçdi və hamı bu hadisələrdən danışırdı. Bunu unutmaq çətin olsa da, komandalar çalışdı ki, o hadisələr budəfəki duelə kölgə salmasın. Hər iki oyunda fanatlar özlərini çox yaxşı apardı. Təbii ki, gərginlik hiss olunurdu. Bu gərginlik ev oyununda bizə mane oldu. Amma ikinci görüşdə artıq nə etmək lazım olduğunu bilirdik. Yeri gəlmişkən, 30 il əvvəl döyülənlər arasında ''Ferenstvaroş''un indiki vitse-prezidenti və prezidenti də var idi. Bu üzdən Bratislavadakı matçın onlar üçün necə önəm daşıdığını özünüz təsəvvür edin. Təbii ki, bu dəfə heç bir problem yaşanmadı. Təşkilatçılıq ən yüksək səviyyədə idi. Heç bir əlavə əngəllə qarşılaşmadıq. Oyundan sonra da sakitcə avtobusumuza minib iki saata Budapeştə çatdıq.
- İkinci oyuna hazırlıq prosesində sizi ən çox narahat edən nə idi?
- Hava. Budapeştdə havanın hərarəti 42 dərəcəyə çatmışdı. Burda indiyə qədər heç vaxt belə şey olmayıb. Hər şeyi yaxşıca hesablamalı, planlaşdırmalıydıq. Bu istidə məşq etmək mümkün deyildi. Köməkçilərimlə belə qərara gəldik ki, məşqi səhər saat 9-da başlayaq. Belə nüanslar çox idi. Ən təcrübəli oyunçularla toplantı keçirib bu qərarı onlara izah etdik. Onlar saat 8-də məşq mərkəzinə gəlib səhər yeməyini yedikdən sonra 1 saatlıq məşq olurdu. Sonra nəzəri məqamları müzakirə edirdik. İstəyən günorta yeməyinə də qalırdı. Klub hər şeyi çox yüksək səviyyədə təşkil etdi.
- İlk oyunda zəif təsir bağışlayanlarla ayrıca söhbətiniz oldumu?
- Hərənin bir cür mentallığı var. Ona görə də hər oyunçu uğursuz performansa fərqli reaksiya verir. Məsələn, Boli və Zakariyassenlə söhbətim bəhrəsini verdi. Hər ikisi cavab oyununda qol vurdu. Köməkçim Maksim Romaşenko da bəzi oyunçularla ayrıca söhbət etdi. Matçı yenidən onlarla izləyərək səhvlərini izah etdi. Yəni oyunçularla təkcə mən danışmıram. Çünki nə qədər də olmasa, baş məşqçiyəm. Bəzi futbolçularla təkbətək danışanda təzyiq və gərginlik yaşayırlar.
- Traore cütün taleyini həll edən 3-cü qolu 89-cu dəqiqədə vurdu. Bu qol olmasa, hər şey əlavə vaxta doğru gedirdi. Necə düşünürsüz, oyun əlavə vaxta getsə, yenə qalib gələcəkdiz?
- Əmin idim ki, oyunçular əllərindən gələni edəcəklər. Düzdü, matç əlavə vaxta getsə, rəqib müəyyən psixoloji üstünlük qazana bilərdi. Amma biz ehtiyatdakı əsas oyunçuları hələ meydana buraxmamışdıq. Əlavə vaxt oynansa, artıq onların da xidmətindən yararlanacaqdım. Hərçənd bu haqda danışmağın artıq heç bir mənası yoxdu. Yaxşı ki, Traore 3-cü qolu vaxtında vurdu.
- Yeri gəlmişkən, qollara çox sakit və soyuqqanlı reaksiya verməyiniz diqqətdən qaçmadı. Bunun səbəbi nədi?
- Hay-küylə qeyd etməyin nə mənası var? Bu oyundu və mənim də işim emosiyalarımı göstərməkdən yox, komandanı idarə etməkdən ibarətdi. Həm də bu, yalnız 2-ci təsnifat mərhələsi idi. ÇL-in qrupuna düşmək üçün hələ iki rəqibi də keçmək lazımdı. Üzücü məqam odu ki, ölkə çempionu statusunda olmağımıza baxmayaraq, hətta Avropa Liqasının qrupuna düşmək üçün də pley-offda oynamalı olacağıq. Biz hələ ki özümüzə yalnız Konfrans Liqasının qrup mərhələsini təmin etmişik. Deyəsən, belə davam etsə, Çempionlar Liqasının adını dəyişmək lazım gələcək. Biz çempionuq və qrupa düşmək üçün üç mərhələ adlamalı oluruq. Amma öz ölkəsində 5-ci, hətta 6-cı pilləni tutanlar artıq qrup mərhələsindədilər! Bu düzgün deyil. Yəni yolumuz hələ çox uzundu. Əvvəllər bu baxımdan vəziyyət daha sadə idi. İndi ölkə çempionu hətta KL-in qrup mərhələsini də təmin etmir! Sizcə, bu normaldı?
- Qələbədən sonra paltardəyişmə otağında oyunçulara ''Not bad'' (pis deyil) dediz. Yenə özünüzü çox soyuqqanlı insan kimi göstərdiz.
- Paltardəyişmə otağında qələbəlik var idi və artıq eyforiya hissi yaranmışdı. Belə məqamda oyunçuları bir qədər sakitləşdirmək üçün düzgün sözlər seçmək lazımdı. Onlar da sakitləşib duşa yollandılar. Uşaqlara dedim ki, ÇL-də növbəti vacib oyunumuz ''Qarabağ''a qarşı olacaq. Qrupa düşmək üçün hələ 2 rəqibi də keçməli olduğumuzu xatırlatdım. Sonda dedim ki, qrupa düşsək, onda artıq hər şey ''okey” olacaq.
- ''Qarabağ'' haqda məlumatınız varmı?
- Hələ ki çempionatın startına köklənmişik. Aydın məsələdi ki, yavaş-yavaş rəqib barədə məlumat toplayırıq. Yalnız 1-ci turun oyunu bitdikdən sonra diqqətimizi ''Qarabağ''a yönəldəcəyik. Ümumiyyətlə, avqustda bizi həddən artıq ağır təqvim gözləyir. Ona görə də bir oyunu keçirdikdən sonra qələbəyə sevinməyə və ya məğlubiyyətə üzülməyə vaxt olmayacaq. Dərhal digər oyuna hazırlaşmağa başlayacağıq.
- ''Qarabağ''la oyun üçün daha böyük məsafə qət etməli olacaqsız. Artıq avtobusla gedə bilməyəcəksiz. Ümumiyyətlə, bu təsnifat mərhələsində yol baxımından bəxtiniz gətirmir. Əvvəl Qazaxıstan, indi də Azərbaycan... Halbuki Sürixə yollanmaq sizin üçün daha rahat olardı.
- Gördüyünüz kimi, ''Sürix'' ''Qarabağ'' səddini keçə bilmədi. Ona görə də artıq bu haqda danışmağın heç bir mənası yoxdu. Azərbaycanlılar bu uğura layiq idi. Amma bir daha təkrar edirəm ki, ''Qarabağ'' barədə yalnız bazar ertəsi səhər tezdən düşünməyə başlayacağıq. Çərşənbə axşamı Bakıya uçacağıq. Bazar günü isə daxili çempionatda ilk oyunumuz var. Bu turnir də bizim üçün vacibdi və mövsümə yaxşı başlamaq istəyirik.
- Rusiyanın dəstəyini arxanızda hiss edirsizmi?
- Elə dövrdə yaşayırıq ki, istədin-istəmədin qarşına nəsə çıxır, və ya nəsə internetdə oxuyursan. Bir çox saytlarda məlumatlar, xəbərlər yerləşdirilir. Futbolu heç kimdən gizlətmək mümkün deyil. Bəzən tənqid, bəzən isə xoş sözlər eşidirəm ki, bu da təbii haldı.
- Növbəti mərhələlər üçün heyəti gücləndirmək haqda düşünürsüz? Bununla bağlı planınız varmı?
- ''Əlimizin altında olan bütün oyunçular bizimdi'' prinsipi ilə hərəkət etməyə çalışırıq. Çalışırıq ki, oyundan oyuna həm ayrı-ayrı futbolçular, həm də komanda özü “artırsın”. Amma “transfer pəncərəsi”nin açıq olduğunu unutmuruq. Yəni hər an hər şey baş verə bilər. Bir də gördün, sabah hansısa klub aparıcı oyunçularımızdan birini heyətinə qatmaq istədi. Amma bir şeyi dəqiq bilirəm ki, transfer etmək xətrinə transfer etməyəcəyik.
- Dzyuba başda olmaqla azad agent statusuna malik bəzi rusiyalı futbolçuların sizin klubda peyda olacağı ilə bağlı müxtəlif şayiələr gəzir.
- Belə oyunçular azad statusda olduqlarından onlar haqda söz-söhbətlərin yayılması normaldı. Həmişə belə olub. Üstəlik mən onları çox gözəl tanıyıram. Amma məsələ burasındadı ki, bizdə həm yarımmüdafiə, həm də hücum xəttində rəqabət çox böyükdü. O xətlərdə komandanın komplektləşdiyini düşünürəm. Transferə ehtiyac duyulsaydı, böyük məmnuniyyətlə mənə tanış olan oyunçuları gözdən keçirərdik. Amma bizdə bəzi oyunçuların adı heç iştirak ərizəsinə də düşmür. Məsələn, ''Slovan''la görüşdə əsas hücumçularımızdan biri zədə üzündən meydana çıxa bilmədi. Markinyosun da adını iştirak ərizəsinə sala bilmədik. Yəni dediyim kimi problemli mövqeyimiz olsa, ora transfer etmək barədə düşünərdik. Amma büdcəmiz də limitsiz deyil.
- ÇL-in qrup mərhələsinə vəsiqə qazanmağı bacarsaz, demək olarmı ki, qarşıya qoyulan hədəfə tam çatacaqsız?
- Bu haqda düşünmürəm. İndi məni yalnız məşq prosesi və qarşıdan gələn ''Puşkaş Akademiya'' ilə oyun maraqlandırır. Qalan hər şey lirikadı.
- Rusiya premyer-liqasını təqib edirsizmi?
- Nəticələri izləyirəm. Amma oyunlara baxa bilmirəm. Çünki qrafikimiz çox sıxdı. Bir oyunun ardından digər oyun gəlir. Ona görə də Rusiya çempionatını izləməyə vaxt olmur.
ƏLİ RAUFOĞLU hazırladı