Tahir Süleymanov onu “yıxıb-sürüdü” - AÇIQLAMA

28.07.2022 12:53 736
Manşet / Çempionlar Liqası
Dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ" səfərdə "Sürix"lə ağır oyun keçirsə də, sonda sevinən tərəf oldu.

Bu görüşdə ədaləti qoruyan hollandiyalı referilərin komandamıza qarşı qərəzli qərarları diqqəti çəkdi. Təmsilçimizə qarşı kobudluqlar bəzən görməzlikdən gəldi, heç nədən Kadiyə sarı vərəqə göstərildi və və s.

"Football-plus.az" saytı olaraq təcrübəli referi Tahir Süleymanovun idarəçiliklə bağlı fikrini öyrəndik:

"Lex"lə oyunlardan sonra demişdim ki, “Qarabağ” qarşıdakı matçlarda hakim idarəçiliyi ilə bağlı problemlərlə üzləşəcək. Polşalılarla görüşlərə "Böyük 5-lik" ölkələrindən təyinatlar edilirdisə, isveçrəlilərlə qarşılaşmalar fərqli oldu. Gözlənilən idi. Hələ ilk matçda ofsayddan vurulan qol cavab qarşılaşmasında bunun davamının olacağını şərtləndirirdi. Hakimlər briqadası Niderlanddan olsa da, referi Avropa meydanlarında böyük çəkiyə malik deyil. Cavan olmasına baxmayaraq, uzun illərdi FİFA referisidi və çox az önəmli təyinatlarla seçilib. "Sürix"in oyununa təsadüfən göndərilməmişdi. İkinci və əlavə hissələrdə o qədər səhvləri oldu ki, ilk yarının üstündə çox dayanmaq istəmirəm. Müəyyən hakim səhvləri olsa da, isveçrəlilərin hesabı tez açması, ikili mübarizələrin az olması, oyunun "plan" üzrə davam etməsi aldadıcı görüntü xarakterli sakitlik yaradırdı. Matç belə davam etsəydi, idarəçilikdə ciddi problemlər yaşanmayacaqdı.

"Qarabağ"ın cavab qolu vəziyyəti dəyişdi. Ümumi nəticə ağdamlılara sərf edirdi və fasilədən sonra, 60-65-ci dəqiqələrə kimi "Sürix" ciddi həmlələrlə yadda qalmırdı. Vaxt azaldıqca isveçrəlilərdən daha çox referi təşvişə düşməyə başladı. Kadinin günc zərbəsi epizodunda baş hakim artıq açıq şəkildə mövqeyini göstərdi. Niderlandlı "Sürix"in narazı qalacağından aşkar çəkinirdi. Hakim dəstəyini görən meydan sahibləri daha da aqresivləşirdi və sonda, uzatma dəqiqələrində hollandiyalıların köməyi ilə istəklərinə çatdılar. Vurulan qol da mübahisəyə açıqdı. Zərbə anında qol müəllifi passiv ofsayd təəssüratı yaradırdı. Bunu ancaq VAR sistemi daha dəqiq müəyyənləşdirə bilər. Göydəndüşmə epizod hakimlər biriqadasını rahatlaşdırdı və "vəzifələrini" yerinə yetirmiş saydılar. Əlavə 30 dəqiqədə "Qarabağ" elə toparlandı ki, "Sürix"lə yanaşı, hakimlərə də "qol" vurmağa imkan vermədi. Əksinə, əla hücumlar təşkil edərək Zubir - Ovusu tandeminin zəhməti sayəsində mübahisəsiz mərhələ keçidi zərbəsi, son nöqtə təmin olundu. Epizodlar üzərində konkret dayansaq, gərək İsveçrədən Niderlanda kimi şərh olunsun. "Qarabağ" təkcə "Sürix"i keçmədi, həm də hakimlər üzərində qələbə qazandı.

Təəssüf ki, zədəlilərlə yanaşı, referinin haqsızlığı növbəti mərhələdə "Qarabağ"a böyük problemlər yaradacaq. Kadi kimi futbolçunun cəzalı duruma düşməsi ağdamlılar üçün önəmli itkidi. Amma əsas məsələ budu ki, "Qarabağ" minimum vəzifəni yerinə yetirdi, qrupu təmin etdi və Çempionlar Liqasında yoluna davam edəcək”.


ABDULLA İSMAYILOĞLU