26 yaşlı italiyalı storisinə basketbolçu Lebron Ceymsin fotosunu qoyaraq, qorilla təsviri də əlavə edib. Ceyms qaradərili olduğuna görə tennisçi dərhal irqçiliklə bağlı ittihamlara tuş gəlib. Ardından Matteo paylaşımı silib və üzrxahlıq mesajı da yazıb:
“Əvvəlki storisim kimisə təhqir edibsə, çox təəssüflənirəm. Məni xəbərdar etdilər ki, onu başqa cür də yozmaq olar, bu üzdən sildim. Lebron mənim kumirimdi. Ruhlanmaq, özünü göstərmək üçün qeyri-adi nümunədi
”. Adətən, sosial şəbəkələrdə çox fəal olan Lebron isə bu duruma heç bir şəkildə reaksiya verməyib.
Saynsın başına gələnlər...
Ötən il böyük Karlos Sayns da oxşar vəziyyətə düşmüşdü. Söhbət “Ferrari”nin pilotunun atasından, ralli üzrə ikiqat dünya çempionundan gedir. Onun da sosial şəbəkədəki paylaşımı ciddi qınaq doğurmuşdu. Paylaşım hər il İspaniyada yanvarın 6-da qeyd olunan dini bayrama aid idi. Bu bayramın əsas personajları üç şərqli müdrikdi. İncildə göstərilir ki, İsa Məsihin dünyaya gəlişindən dərhal sonra bu üç müdrik ona baş əymək üçün yaxınlaşıb və qızıl, buxur, mirra bağışlayıblar. Sayns bayrama həsr olunan şəkildə bu üç müdrikdən birinin sifətini qara rəngə boyamışdı. Dərinin qara rənginə işarə olan belə qrim də son vaxtlar təhqir sayılır. Bu üzdən böyük Sayns paylaşımı silmək tələbi ilə üzləşdi və belə də etdi. Onun pilot oğluna isə 2020-ci ildə dizi yerə qoymaq aksiyasına qatılmadığını xatırlatdılar. Xatırladaq ki, həmin il pilotlar üzərinə irqçiliklə mübarizəyə dair şüarlar yazılan köynək geyirdilər. Lüis Hemilton başda olmaqla bəzi pilotlar dizlərini yerə qoyurdular. Onda Saynsla yanaşı, Daniil Kvyat, Kevin Maqnussen, Antonio Covinatsi, Şarl Lekler, Maks Ferstappen və Kimi Raykkonen də bu aksiyada iştirakdan boyun qaçırmışdılar.
Ceymsin izahatı
Lebron da ötən həftə sözlərini geri götürməli olub. O, “The Shop” şousunda Brittni Qraynerin üzləşdiyi vəziyyətə görə məyus olduğunu bildirib.
Xatırladaq ki, Rusiyada ikiqat olimpiya çempionunun məhkəməsi davam edir. Amerikalı qadın basketbolçu narkotik qaçaqmalçılığında və qeyri-qanuni daşımaqda suçlanır. Onu birinci maddə üzrə 5 ildən 10 ilə qədər həbs, ikinci maddə üzrə isə cərimə və ya 3 ilə qədər həbs gözləyir. Qrayner məhkəmədə günahını tam boynuna alsa da, onu da bildirib ki, cinayət törətmək niyyəti olmayıb. Ceyms canlı efirdə belə deyib:
“Bütün başverənlərdən sonra Brittni Amerikanın ona arxa durduğunu necə hiss edə bilər? Onun yerində olsaydım, düşünərdim ki, “belə Ameikaya dönmək istəyirəmmi”.
Bu sözlər ölkədə böyük müzakirə doğurub. Axı Ceyms ABŞ-da keçirilən prezoident seçkisində Co Baydeni ictimaiyyət önündə dəstəkləyən şəxslərdən biri olub, ekspertlər belə hesab edir ki, basketbolçu Demokratlar Partiyasının namizədinin qələbəsində önəmli rol oynayıb. Amerikalı jurnalist Şennon Şarpın fikirləri:
“Lebronun böyük rol oynadığına əminəm. Baxın görün Detroytda, Filadelfiyada, Atlantada, Miluokidə nələr baş verdi? Bu yerlərin hamısında Bayden Trampı arxada qoydu”.
İdman jurnalisti Ceyson Uitlok Lebronu ən sərt şəkildə tənqid etdi:
“Lebron adamların ona nifrət etməsini haqq edir. Özünü və həmkarlarını qurban yerinə qoymaqla ildən-ilə axmaq bəyanatlar verir. Düşünürsüz ki, Lebron Məhəmməd Əlidi, azadlıq uğrunda mübarizə aparır? Lebron Çinin və nəhəng müqavilə bağladığı şirkətin oyuncaq kuklasıdı. Amerika vətəndaşlarının – istər qaralar olsun, istərsə ağlar – durumu onun vecinə də deyil”.
Tezliklə Ceyms özü də Qraynerlə bağlı açıqlamasına görə izahat verməli olub:
“Şouda dediyim sözlər gözəl ölkəmizin tənqid olunması deyil. Sadəcə, onu deyirdim ki, Brittni özünü emosional planda necə hiss edir, 100 gündən artıq olduğu “dəmir barmaqlıqlar” arasında nə düşünür... Qısaca belə izah edim”.

