Jorjinyo özünü yox, futbol qaydalarını günahlandırdı

21.07.2022 16:51 363
Dünya futbolu
''Çelsi'' və İtaliya yığmasının yarımmüdafiəçisi Jorjinyo futbol qaydalarından şikayətlənib.

"Football-plus.az" xəbər verir ki, Braziliyaəsilli futbolçu Avropa Çempionatının qalibinin birbaşa dünya çempionatına vəsiqə qazanmamasını haqsızlıq adlandırıb:

''Fikrimcə, AÇ-nin qalibinə DÇ-yə birbaşa vəsiqə verilməməsi axmaqlıqdı. FİFA və UEFA-ya zəng vuraraq bunun səbəbini onların özündən soruşun. Çünki bu, düzgün deyil. Təbii ki, bizim komanda Qətərə yollana bilməyəcəyi üçün çox hiddətlənirəm. Sən qələbə üçün meydanda can qoysan da, sonradan yenə seçmə mərhələdə iştirak etməli olursan. Onda AÇ-ni qazanmağın nə mənası var? Belə çıxır ki, bu, qələbə xatirinə olan bir qələbədi. Məsələn, klub futbolunda AL-in qalibi ÇL-ə vəsiqə qazanır. ÇL-in qalibi Klublararası DÇ-də oynayır. Bəs AÇ-ni, Amerika Kubokunu və ya Asiya Kubokunu qazanmağın hansı üstünlüyü olur? Bu turnirlərin qaliblərinin birbaşa DÇ-yə buraxılmaması haqsızlıqdı''.


Bilindiyi kimi son AÇ-nin qalibi olan İtaliya DÇ-nin seçmə mərhələsini zəif keçirərək pley-offda Şimali Makedoniya ilə ev oyununda şok məğlubiyyət yaşadı və ardıcıl ikinci dəfə mundialdan kənar qaldı. Amma digər tərəfdən İtaliyanın seçmə mərhələdə öz qrupunu birinci pillədə başa vura bilməməsində ən böyük günahkarlardan biri elə Jorjinyo özüdü. Çünki bu futbolçu sonda qrupu lider kimi bitirərək DÇ-2022-yə birbaşa vəsiqə qazanan İsveçrəyə qarşı hər iki oyunda penaltini boşa verdi! Görəsən, Jorjinyo o iki zərbədən heç olmasa birini dəqiq yerinə yetirsəydi və İtaliya mundiala vəsiqə qazansaydı, o, bu cür açıqlama verərdimi?