"Football-plus.az" xəbər verir ki, dünya ulduzlarını transfer etməklə inanılmaz bir heyət quran Paris nəhəngi indi də 4 dənə qartal alıb.
Məlum olub ki, göyərçinlər komandanın ev oyunlarını keçirdiyi ''Park de Prens'' stadionunun ot örtüyünü bərbad hala salır. Stadionun işçiləri bu faktı müəyyənləşdirdikdən sonra rəhbərliyə məlumat veriblər.
Bu üzdən PSJ rəsmiləri dünyanın ən gözəl arenalarından sayılan ''Park de Prens''i göyərçinlərdən qorumaq üçün bir qartal şirkəti ilə anlaşaraq 4 dənə qartal alıb! Yəni bundan sonra 49 minlik stadionu işçilərlə yanaşı, qartallar da qoruyacaq. Futbol tarixində daha öncə görünməmiş bu olay sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu il həm də 12 illik fasilədən sonra ''Park de Prens''də ilk dəfə konsertlər keçirilib. Stadionun ot örtüyünə cavabdeh şəxslərdən biri olan Conatan Kaldervud bunları deyib:
''Mükəmməl bir ot örtüyünə malik olmaq üçün 12 həftə vaxt lazımdı. İyunun 18-dəki sonuncu konsertin ardından mövsümün startına qədər 6-7 həftəmiz var. Məhz bu dönəmdə qartallara çox böyük ehtiyacımız olacaq''.

