Ayxan Abbasovun dönəmində "Sumqayıt"da köməkçi məşqçi işləyən Elnur Çodarov "kimyaçılar”dan 4 aylıq maaşını ala bilməmişdi.
AFFA-nın da onun şikayətini təmin etməməsi üzündən gənc mütəxəssis CAS-a müraciət etmişdi. Prosesin axarı ilə bağlı bilgi almaq üçün dünən Çodarovla əlaqə saxladıq:
"Bizdən tələb olunan bütün sənədləri CAS-a təqdim etmişik. Hazırda məhkəmə və FİFA-nın müvafiq qurumu şikayəti və qarşı tərəfin təqdim etdiyi sənədləri araşdırmaqla məşğuldu. Məhkəmə prosesi 6-12 ay çəkə bilər. Amma hadisələrin indiki axarı mənim xeyrimədi. İnşallah, haqsızlığa son qoyulacaq və halal pulumu alacam".
Elnur bəy "Sumqayıt" rəsmilərinin onunla bağlı səsləndirdiyi fikirlərə də aydınlıq gətirib:
"Bu yaxınlarda təsadüfən "Futbol+"in saytında "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədovun haqqımda yalanla zəngin açıqlamasını oxudum. Guya 2 aylıq maaşım təklif olunub, mən də hamısını tələb etmişəm. Bu ağ yalandı. Azərbaycan futbol camiəsi elə də böyük deyil. Hamı bir-birini tanıyır, tez-tez üz-üzə gəlirik. Ona görə də heç kimlə münaqişə yaradıb düşmən olmağı düşünməmişəm. Həmişə qarşılıqlı razılığın tərəfdarı olmuşam. "Sumqayıt" rəhbərliyi mənimlə görüşüb desəydi ki, "qardaş, əlimiz aşağıdı, gəl 2 aylıq maaşnı ödəyək, qalanını halal et", bunu anlayışla qarşılayar və razılaşardım. Amma belə söhbətimiz, görüşümüz olmayıb. Əvəzində qarşı tərəfdən hörmətsizlik gördüm. Bu gün də barəmdə yalanlar tirajlamaqla hörmətsizliyi davam etdirirlər".
ABDULLA İSMAYILOĞLU