Artıq hazırlığa start verən Gəncə təmsilçisi bir neçə futbolçu da transfer edib. Bir neçə gün öncə isə komandada rəhbər dəyişikliyi də gerçəkləşdi. Vaxtilə “sarı-göylər”də baş məşqçi, vitse-prezident, icraçı direktor vəzifələrində çalışan Mehman Allahverdiyev 6 ildən sonra kluba qayıtdı. O bu dəfə Gəncə təmsilçisinin idman direktoru vəzifəsinə təyinat alıb. Onu da vurğulayaq ki, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını məhz Mehman bəyin rəhbərliyi altında qazanıb. Komanda 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medalını qazanıb.
Bu keçidə komandanın azarkeşlərinin münasibətini öyrəndik. Maraqlıdı, onlar Mehman Allahverdiyevin dönüşü barədə nə düşünür? “Kəpəz”in fanatı Müşfiq Məmmədovu dinləyək:
“Bu keçid azarkeşlərə hesablanıb ki, bir az ümid yaransın. Amma maliyyə olmayandan sonra kim gəlir-gəlsin, heç nə dəyişməyəcək. Bu məsələdə də komandaya Gəncədə yardım edən yoxdu. Lakin Mehman Allahverdiyevin məlum uğurları var. Ona görə mənə hələ də qaranlıq qalıb ki, niyə kluba qayıtmağa razı olub? Komandada maliyyə problemləri yaşandığı bir vaxtda niyə gəlib uğursuzluqlara şərik olsun? Məncə, Mehman bəyin dönüşü heç nəyi dəyişməyəcək. Bunun əsas səbəbi maliyyə olsa da, bu problem həllini tapsa belə, Yaşar Vahabzadə komandanı yüksəldə biləcək adam deyil. Onun gücünü 1-ci divizionda gördük”.
Maraqlıdı, Müşfiq bəy “Kəpəz” azarkeşi olaraq elitaya yeni qatılan komandadan növbəti mövsümdə nə gözləyir:
“Kəpəz” sonuncu olmamaq üçün mübarizə aparacaq. Bu reallıqdı. Məncə, komanda autsayderlərdən olacaq. Bu heyət və baş məşqçi ilə 8-ci pillədən yuxarı yer gözləmirəm”.
ŞAİR ABDULLA

