Tortorella yenidən iş başında

22.06.2022 19:37 293
İdman
“Filadelfiya”nın yeni baş məşqçisinin adı açıqlanıb.

Klub saytı son mövsümdə ESPN-də studiya eksperti kimi çalışan Con Tortorellanın “sükan arxasına” keçdiyi haqda xəbər yayıb. Artıq sövdələşmənin detalları da bəllidi: 63 yaşlı mütəxəssis “Flayerz”lə 4 illik müqavilə bağlayıb və hər mövsüm üçün 4 milyon dollar qazanacaq.

Tortorellanın çalışdırdığı son komanda “Kolambus” olub. MHL tarixində qələbə sayına görə 2-ci amerikalı məşqçi bu komandanı 2015-21 aralığında çalışdırıb və oyunçularla ciddi fikir ayrılığına görə postundan gedib. 2004-cü ildə isə “Tampa-Bey”ə Stenli kubokunu qazandırıb. Xatırladaq ki, “Filadelfiya” 2021/22 mövsümündə pley-offa vəsiqə qazana bilməyib.

Klubun baş meneceri Çak Fletçer Tortorellanın baş məşqçi vəzifəsinə gəlişini belə şərh edib:

“Con hokkeyçilərindən hər oyun maksimumu tələb edir. O, Stenli kubokunu qazanıb, həm müntəzəm çempionat, həm də pley-off ilə bağlı böyük uğurları var. Danışıqlar prosesində bəzi amilləri müzakirə etdik. Bunlar komandanın dərhal uğur qazanması baxımından həlledici əhəmiyyətə malikdi. Mənə aydın oldu ki, Conun baxışları paltardəyişmə otağımızda qələbə atmosferinin bərpası üçün məhz onu münasib namizəd görməyimizə imkan verir”.


Bu arada MHL-də növbəti mövsüm üçün əməkhaqqı tavanının qaldırılacağı haqda xəbər yayılıb. Həmkarımız Den Rozenin “tvitter”də yazdığına görə, növbəti mövsüm əməkhaqqı tavanı 82,5 milyon dollar təşkil edəcək. Bu isə cari mövsümlə müqayisədə 1 milyon dollar artıqdı. Əməkhaqqının aşağı həddi 61 milyon dollar olacaq.