Patrik Andrade ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
Bu yay “Qarabağ”la müqaviləsinin müddəti bitən kabo verdeli yarımmüdafiəçi karyerasını başqa klubda davam etdirəcək. “Köhlən atlar”ın təklifiylə razılaşmayan futbolçu başqa klubdan daha sərfəli təklif aldığını bildirərək, ayrılmaq qərarı verib. Futbolçu artıq komanda yoldaşları ilə vidalaşıb və “Qarabağ”ın dünən başlayan Avstriya toplanışına qoşulmayıb. Marko Yankoviçin transferindən də görünür ki, Qurban Qurbanov üçün bu məsələ arxa plana keçib. Bunun da əsas səbəbi Andradenin şıltağlığıdı. Hazırda futbolçu həqiqətən də Portuqaliyada anasının müalicəsi ilə məşğul olur.
Düzdü, ortada belə bir variant da var: Patrikin başqa klub tapa bilməyib, “Qarabağ”la razılaşması da mümkündü. Andradenin Ağdam klubundan daha çox pul istəməsinin səbəbi də bəllidi. Afrika Millətlər Kubokunda iştirak etməsi və orda komandasının pley-offa vəsiqə qazanması futbolçuda özü haqda yüksək fikir formalaşdırıb. Məhz bu səbəbdən də yarımmüdafiəçi “Qarabağ”da özünü ən yaxşı hesab edərək, maaşının artırılmasını tələb edir. Təbii ki, bu da Qurban Qurbanovu və “Qarabağ” rəhbərliyini razı salmayıb. Ağdam təmsilçisi ilə Andrade arasında vasitəçilik edən yerli və əcnəbi menecerlər yarımmüdafiəçini razı salmağa çalışsa da, bu, işə yaramayıb. Bir sözlə, uzun müzakirələrdən sonra son çempion afrikalı futbolçu ilə yolları ayırmaq qərarı verib. Bununla da Andradenin “Qarabağ” macərası başa çatıb.
İLKİN SULTANLI