Erqemlidze ayrılıq mesajı verdi

19.06.2022 19:37 437
Ölkə futbolu
Növbəti mövsümdə çempionluğu hədəfləyən “Sabah” heyəti, demək olar, yenidən formalaşdırır.

Əsas məqam Murad Musayevin xələfi Ramil Quliyevin gətirdiyi futbolçularla yolları bir-bir ayırmasıdı.

Deyilənə görə, onların sırasına biri də qoşulmaq üzrədi. Bu, rusiyalı mütəxəssisin gəlişindən sonra şans qazanmayan Mixeil Erqemlidzedi. Gürcü futbolçunun Masazır təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi olsa da, “bayquşlar”ın 23 yaşlı hücumçu ilə qarşılıqlı razılıq əsasında yolları ayırmağa yaxın olduğu deyilir. Yeri gəlmişkən, Mixeil özü də sabiq komandası “Adana Dəmirspor”un heyətində olarkən çəkdirdiyi şəkli “instaqram” profilinə yerləşdirib.

Erqemlidze ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənməyi lazım bildik. Bunun üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq:

“Mixeil Erqemlidzenin klubla müqaviləsi var və hazırda "Sabah"ın üzvüdü. Komandaya kimlərin transfer ediləcəyinə və ya kimlərlə yolların ayrılacağına klub rəhbərliyi və baş məşqçi qərar verir. Hansısa transfer və ya ayrılıq qərarı olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.


ORXAN