Xose Luis Çilavert dövlət başçısı olmaq istəyir.
Paraqvay yığmasının sabiq qapıçısı artıq ölkəsinin prezident vəzifəsinə namizədliyini irəli sürüb.
Paraqvayda prezident seçkisi 2023-cü ildə keçiriləcək. Hazırkı dövlət başçısı Mario Abdo Benites 2018-ci ilin avqustundan ölkəyə rəhbərlik edir. Onun yerinə göz dikən 56 yaşlı Çilavert bu barədə “tvitter” səhifəsində bu cümlələri yazıb: “Daha yaxşı Paraqvay qurmaq üçün üzərimdə məsuliyyət hiss etdim. Xalqımızın yenidən öz ölkəsi ilə fəxr edə bilməsi üçün prezidentliyə namizədliyimi rəsmiləşdirməyə qərar verdim”.
Çilavert ölkəsində “Sportivo Lukueno”, “Quarani”, Argentinada “San Lorenso”, “Veles Sarsfild”, Uruqvayda “Penarol”, İspaniyada “Saraqosa” və Fransa “Strasbur” komandalarında çıxış edib. Qapıçı olmasına baxmayaraq, qol vurmaq bacarığı ilə də tanınıb: karyerası ərzində 67 qol vurub! Paraqvay yığmasında isə 74 oyuna 8 qolun sevincini yaşayıb.