Paytaxt təmsilçisinin ötən gün klubun sosial şəbəkə hesablarında Turan Manafovla müqavilənin yenilənməsi ilə bağlı paylaşdığı post diqqəti çəkdi. Çünki başqalarından fərqli 23 yaşlı futbolçunun müqavilə müddəti qışda başa çatacaqdı.
Görəsən, onunla yeni sazişin bağlanmasına nə səbəb olub? Bəlkə futbolçunun yenidən icarə əsasında ölkə xaricinə yollanmaq fikri var deyə müqaviləsini 2023/24 mövsünə qədər uzadıb. Bunu öyrənmək üçün Turan Manafovla danışmağa qərar verdik. Gənc oyunçunun “Football-plus.az” saytına açıqlamasına keçid alaq:
“Səbail”lə qışadək müqaviləm var idi. Amma qərara gəldik ki, müddəti uzadaq. Rəhbərliklə komandanın planları barədə danışdıq. Baş məşqçi Mahmud Qurbanovla da söhbətimiz oldu. Fikirlərimiz üst-üstə düşdü. Növbəti mövsüm üçün düşünülən planlar da ürəyimcə olduğuna görə müqavilə müddətini uzatmağa qərar verdim. “Səbail”də hər şey istədiyim kimidi. Səbəb budu. Hələ ki ölkə xaricinə getmək fikrim yoxdu. Müqavilə yenilənməsə belə, qışa kimi burda çıxış etməyi düşünürdüm”.
SƏNƏM FƏRHADOVA


