Geridə qalan “futbol ili”ni 3-cü pillədə başa vuran “Zirə” Konfrans Liqasında iştirak haqqı qazandı.
Paytaxt təmsilçisi növbəti mövsüm üçün də heyəti formalaşdırmağa başlayıb. Bu yöndə atılan ilk addım komandanın kapitanı Ağabala Ramazanovla yolların ayrılması oldu. 29 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənmədi. Heyəti gücləndirmək yolunda hələ ki heç bir iş görülməyib. İyunun 14-də isə Konfrans Liqasının püşkatma mərasimi baş tutacaq. Görəsən, “qartallar”ın planlarına nələr daxildi? Komandanın toplanışı nə vaxt başlayacaq? Bu və başqa suallara cavab tapmaq üçün “Zirə”nin baş meneceri Elman Himayətoğlu ilə danışdıq.
- Komandanın toplanışı nə vaxt başlayacaq?
- Hələ ki tam dəqiqləşməyib. Ancaq iyunun ortalarında başlamağı düşünürük. Yəqin ki, bir neçə günə məşqçilər proqram tərtib edib verəcəklər.
- İyunun 14-də Konfrans Liqasının püşkatma mərasimi baş tutacaq. Tədbirdə “Zirə”dən kimin iştiakı nəzərdə tutulub?
- Püşkatma ilə bağlı UEFA-dan dünən bizə məktub daxil olub. Buna görə də kimin iştirak edəcəyi ilə bağlı hələ qərar verilməyib. Çünki məktub axşam saatlarında gəlib.
- Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunları üçün “Dalğa Arena”nı sifariş etmisiz. Niyə məhz bu stadion? Başqa seçim var idi? Nəzərə alaq ki, “Qəbələ” də 2-ci mərhələdən sonra ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Bu sizə mane olmayacaq?
- Başqa seçimlər deyəndə, Bakıdakı stadionları bilirsiz. Zirədə oynamağımız mümkün deyil. “Dalğa Arena” bizim üçün daha uyğundu. Stadion çox yaxşı vəziyyətdədi. Yerləşdiyi ərazi baxımından da Zirəyə yaxındı. İşləmək baxımından da əlverişlidi. “Qəbələ” məsələsinə gəlincə, eyni stadiondan iki komanda eyni anda ilk dəfə istifadə etmir ki...
- Ağabala Ramazovun ayrılmasının səbəbi nə idi? Kapitanın birdən-birə klubu tərk etməsi gözlənilməz oldu.
- Futbolçuların getməsi və ya gəlməsi baş məşqçi ilə bağlıdı. Niyə gedib, niyə qalıb - buna o qərar verir. Ona görə də bu mənim cavab verəcəyim sual deyil.
- Başqa bir qaranlıq məqam David Volkovla bağlıdı. Qışda ona təkliflər var idi, ancaq getməsinə razı olmadız. Gürcü futbolçuya indi də təkliflər var? Komandanı tərk edə bilər? Rəşad Sadıqov “Sabah”la matçdan sonra keçirilən mətbuat konfransında Davidin bu təkliflərə görə fikrinin qarışıq olduğunu demişdi...
- Volkova hələ də təkliflər var. Bu məsələ müzakirəyə açıqdı. Hələ ki onunla bağlı dəqiqləşən bir şey yoxdu. Məsələ baş məşqçinin dediyi kimi də qalıb.
- Son sual Rüstəm Əhmədzadə ilə bağlıdı. Bizdə olan bilgiyə görə, “Zirə” “Qarabağ”ın gənc oyunçusunu Volkova alternativ kimi görür və icarə əsasında komandaya cəlb etmək istəyir. Bu məlumat nə dərəcə doğrudu?
- Açığı, bu məsələ ilə bağlı məlumatım yoxdu. Mən də ötən gün saytlarda oxudum.
SƏNƏM FƏRHADOVA