İntizam Komitəsindən qeyri-adi qərar: Elçin Məsiyevi söymək olmaz, qazini olar? - KÖŞƏ

7.05.2022 10:02 875
Manşet / Yazarlar / Günün xəbəri
AFFA İntizam Komitəsinin dünənki iclasında maraqlı qərarlar verilib.

Diqqətimizi çəkən bir məqam var. Ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda azarkeşləri təhqiramiz ifadələr işlətdiyinə görə Ağdam klubu 4000 manat cərimələnib. Bununla bağlı qərar 41.6-cı maddə ilə əsaslandırılıb. Buna deyəcəyimiz heç nə yoxdu: qayda hamı üçün qaydadı.

Hamıya bəllidi ki, “Futbol+” qəzetinin əməkdaşları premyer-liqanın, ölkə kubokunun, 1-ci divizionun, hətta Region Liqasının oyunlarını müntəzəm izləyir. Çempionatının 25-ci turunun “Sumqayıt” - “Neftçi” matçında da muxbirimiz olub. 19-cu dəqiqəsində hakim Kamal Umudlu “kimyaçılar”dan Camaləddin Xocaniyazova birbaşa qırmızı vərəqə göstərdi. Bundan sonra yerli komandanın azarkeşləri kütləvi şəkildə referini təhqir etməyə başladılar. Hətta Babək Quliyevə də referidən şikayət etdilər.

İndi bizə maraqlıdı ki, Əsasnamədə təhqirə görə maddə və buna uyğun bənd varsa, Vətən müharibəsində iştirak edən, dövlətimiz üçün canını təhlükəyə atan gəncimizin söyülməsinə niyə göz yumulur?

Bir dəfə Erkin Hüseynovla bu haqda söhbətimiz olub. İntizam Komitəsinin rəhbəri belə bir ifadə səsləndirmişdi:

“Oyuna təyinat alan AFFA nümayəndələri bəzi hadisələri qeyd etmədiyindən biz qərar verə bilmirik. Hansısa media qurumunda həmin hadisə barədə xəbər yayılsa, onun əsasında da cəza verə bilirik”.


Əla! Ola bilər ki, Asif Əliyev Kamal Umudluya ünvanlanan şöyüşləri duymayıb, eşitməyib. Amma insan nə qədər fikirli və ya başqa aləmdə olmalıdı ki, həmin təhqirləri duymasın?

İnsanlıq halıdı. Asif Əliyev işi ilə məşğul olmaq əvəzinə başqa nəsə görmüş ola, bu üzdən raportunda Kamal Umudlunun təhqir olunması barədə nəsə yazmaya bilər. Amma qəzetimizdə bu haqda yazılıb axı. Reportajın “Gözdən qaçmaz” adlanan yerində. Görəsən, İntizam Komitəsi niyə “Sumqayıt”ı azarkeşlərinə görə cəzalandırmayıb? İki nəticəyə gəlmək olar: ya qurum “Qarabağ”la prinsip aparır, ya da Elçin Məsiyev Kamal Umudludan dəyərli şəxsdi. Ümid edirəm ki, bunların heç biri deyil. Kamal Umudlu hansısa qurumda çalışan əcnəbilərə və ya yerlilərə görə dəyərli olmasa da, Azərbaycan xalqı üçün vacib şəxsdi. Onun aşağılanmasına göz yummaq olmaz!

İLKİN SULTANLI