Dünən Şimali Makedoniya çempionatında 29-cu turun oyunları keçirildi və çempionun adına aydınlıq gəldi.
Öz meydanında ''Renova'' nı 2:0 hesabı ilə məğlub edən ''Şkupi'' sona 4 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 13-ə yüksəltdi. Bununla da Skopye təmsilçisi tarixində ilk dəfə çempion oldu! Qeyd edək ki, 2012-ci ildə yaradılan ''Şkupi'' özünü ''Sloqa Yuqomaqnat''ın varisi saysa da, yerli federasiya bunu təsdiqləmir. İlk dəfə 2015-də elitaya vəsiqə qazanan ''Şkupi'' 2018-dən etibarən türkiyəli iş adamı Olqun Aydın tabeçiliyindədi. Təsadüfi deyil ki, son illərdə bu klubda tez-tez türkiyəli məşqçilər peyda olurdu. 2019 və 2020-də olmaqla 2 fərqli dönəmdə ''Şkupi''ni Ümit Karan, 2021-də isə qısa müddət Hasan Özər çalışdırmışdı. Bu kollektiv ötən ilin noyabrında yığma fasiləsi zamanı ''Vodafon Park''da ''Beşiktaş''la yoxlama matçı keçirmiş və 0:3 hesabı ilə yenilmişdi. Skopye təmsilçisi tarixindəki ilk çempionluğu isə 48 yaşlı Qoçe Sedloskinin başçılığı altında qazandı. ''Şkupi'' gələn mövsüm Şimali Makedoniyanı ÇL-də təmsil edəcək. Olqun Aydın xarici bir komandanın prezidenti kimi ÇL-də iştirak edən ilk türkiyəli iş adamı olacaq.