Beyl çempionluq tədbirinə görə məyus olub

1.05.2022 15:15 483
Dünya futbolu
Qaret Beylin La Liqanın 34-cü turunun “Espanyol”la oyununu buraxacağını xəbər vermişdik.

“Marka” qəzetinin yaydığı xəbərdə uelsli oyunçunun belində yaranan ağrılara görə matçda meydana çıxmayacağı bildirilmişdi. “Real”ın məşqçilər korpusu bir müddət ona istirahət vermək qərarına gəlmişdilər. Komandanın “Espanyol” üzərində 4:0 hesablı qələbə ilə çempionluğu erkən rəsmiləşdirməsindən sonrakı tədbirdə Qaretin görünməməsi diqqətdən yayınmayıb.

“Real”da qalmayacağı haqda xəbərlərə çoxdan səbəbkar olan təcrübəli futbolçu dünən bu məsələyə sosial şəbəkə hesabı vasitəsilə belə aydınlıq gətirib:

“Bu gecəyə təsadüf edən çempionluq mərasimində kürəyimdəki ağrı üzündən iştirak edə bilməyəcəyimə görə çox məyusam. Titul qazanan komanda ilə fəxr edirəm! Bu gecədən həzz alın, oğlanlar!”


Qeyd edək ki, Beyl bu mövsüm səhhətindəki müxtəlif problemlərə görə La Liqada yalnız 5 oyunda meydana çıxmaq imkan qazanıb və 1 qol vurub.