Dünən Türkiyə çempionatının 35-ci turunda ''Fənərbaxça'' öz meydanında ''Qaziantep''i qəbul etdi.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu matçda xal itirəcəyi təqdirdə ''Trabzonspor'' çempionluğu rəsmiləşdirəcəkdi. Amma ''Fənər'' büdrəmədi və 3:2 hesabı ilə qalib gəldi. Görüşdə ən diqqətçəkən olay 53-cü dəqiqəyə təsadüf etdi. Sərdar Dursuna qarşı kobudluqdan sonra hakim meydan sahiblərinin lehinə penalti təyin etdi.
Həmin anda ''Qaziantep''in iki futbolçusu Amedey Vetrih və Stelios Kitsiu ayaqları ilə penalti nöqtəsini qazmağa başladılar. ''Fənər''lilər bu duruma etiraz edincə, iki komandanın üzvləri arasında kiçik qarşıdurma yarandı. Nəticədə Vetrihlə Kitsiu, eləcə də ''Fənər''li İrfan Can Kahveci sarı vərəqə aldı. Maraqlıdı ki, anteplilərin ''feyr-pley''ə zidd olan bu hərəkəti öz bəhrəsini verdi və Sərdar Dursun penalti zərbəsi zamanı topu tirə vurdu. Amma o cəmi 3 dəqiqə sonra günahını yuyaraq cinah ötürməsi zamanı topu bir toxunuşla tora göndərdi. Bu mövsüm superliqada 14-cü qolunu vuran Sərdar oyundan sonra həmin epizodla bağlı bunları dedi:
''Penalti zamanı rəqib oyunçular yeri qazdılar. Zərbədən sonra topun yuxarı doğru istiqamətlənməsinə mən də təəccübləndim. Bəlkə də penaltini qaçırmağım daha yaxşı oldu. Çünki dərhal sonra qol vurdum. Rəqib oyunçuların nə üçün penalti nöqtəsini qazdıqlarını bilmirəm. Bu, ''feyr-pley''ə ziddi. Yəqin ki, mənim zərbəni qaçırmağım üçün etdilər. Amma nəticə etibarı ilə yenə də məğlub oldular. Bəzən futbolda belə şeylər də olur. Fanatlara dəstəklərinə görə təşəkkür edirəm''.
[quote][/quote]
Penalti nöqtəsini qazdılar, amma yenə də uduzdular…
Dünya futbolu
