AFFA “Xan Lənkəran”ı diviziona buraxmır - AÇIQLAMA

28.04.2022 18:10 727
Aktual / Manşet
Region Liqasında mübarizə son həddə çatıb. Artıq yarımfinalçılar bəllidi. Düzdü, bazar günü keçirilən “Cəbrayıl” - “Energetik” matçı yarımçıq dayandırılıb.

Amma İntizam Komitəsinin mingəçevirliləri üzən qərar verəcəyini söyləyə bilərik. Digər oyunda isə “Xan Lənkəran”la “Araz Naxçıvan” üz-üzə gələcək. Bu görüşdə nələrin yaşanacağını zaman göstərəcək. Lakin “Xan Lənkəran”ın əsas hədəfi 1-ci divizionda mübarizə aparmaqdı. Klubun prezidenti Pərviz Hüseynov dəfələrlə bunu dilə gətirib.

Cənub təmsilçisinin rəhbəri “Füzuli” ilə cavab görüşündən sonra şəxsi “instaqram” hesabında canlı yayın təşkil edərək izləyiciləri ilə söhbətləşib. Klub rəsmisi 1-ci divizonda mübarizə aparmaqla bağlı problemin yaşandığını dilə gətirib:

“Hazırda Bakıdayıq. Divizionda iştirak etmək üçün AFFA rəsmiləri ilə görüşürük. Bizdən tələb edirlər ki, ən azı üç mövsüm Region Liqasında mübarizə aparaq. Amma bunun olmaması, işlərin qaydasına düşməsi üçün çalışırıq. Yenə AFFA rəhbərliyi ilə danışıqlar aparacağıq. Görüşlərimiz olacaq. Çalışacağıq ki, hər şey yaxşı olsun”.


Pərviz Hüseynov “Araz Naxçıvan”la görüşün harda keçiriləcəyi ilə bağlı da danışıb:

“Bizə təklif etdilər ki, Binədəki stadionda oynayaq. Amma həm rəqib, həm də biz buna razı olmadıq. 600 nəfərlik stadionda oynamaq istəmədik. İndi təklif etmişik ki, görüş “ASK Arena”da keçirilsin. Təbii ki, rəqib də buna razı olmalıdı. Burda hər şey bizdən asılı olmur. Onlar qəbul etsələr, böyük ehtimalla “ASK Arena”da oynayacağıq”.


İLKİN SULTANLI