Yaxın illərdə Azərbaycan premyer-liqasında komandaların sayının artırılması prosesi gedəcək.
AFFA İcraiyyə Komitəsi fevralın 2-də növbəti mövsüm çempionatda 10 klubun iştirak etməsi ilə bağlı müzakirələr aparmışdı.
Redaksiyamıza daxil olan məlumata görə, bu, baş verəcək. 2022/23 mövsümündə “Kəpəz”lə “Turan Tovuz” premyer-liqaya gətiriləcək. Premyer-liqada 10 komandanın iştirakı isə 1 il çəkəcək. Belə ki, 2023/24 mövsümündə say 14-ə çatdırılacaq. Komandaların peşəkarlaşması və sponsor tapılması məqsədi ilə yaradılan Futbolun İnkişaf Fondu artıq bu işlərə start verib. Qurumun rəhbəri Tural Piriyev yaxın günlərdə Region Liqasında çıxış edən “Energetik”in prezidenti ilə görüşüb. Piriyev “Kəpəz”lə “Turan Tovuz”a normal sponsorlar tapılandan sonra Mingəçevir təmsilçisinin bütün problemlərinin həll olunacağını bildirib. “Energetik” rəhbərliyinə növbəti mövsüm 1-ci divizionda, sonra isə premyer-liqada mübarizə aparmaq vədi verilib. Bu səbəbdən şəhərin imkanlı iş adamlarının siyahısı tərtib, onlarla görüşlərin vaxtı təyin olunub.
İLKİN SULTANLI