Namaşko qazaxların fiziki gücünü və “standartlar”ı qabartdı - AÇIQLAMA

2.04.2022 19:40
Aktual / Manşet
Həftəiçi Millətlər Lqasının yeni mövsümündə C liqasında yığmamızla eyni qrupda çıxış edəcək 4-cü komandanın adı bəlli oldu.

Bu, iki oyunun nəticəsinə görə Moldovanı mübarizədən kənarlaşdıran Qazaxıstandı. Martın 24-də Moldovada keçirilən ilk görüşdə meydan sahiblərini 2:1 hesabıyıa yenən qazaxlar 29-da baş tutan cavab görüşündə “doğma divarlar” arasında minimal hesabla yenilməsinə baxmayaraq, penalti seriyasında daha dəqiq olmaqla adını C liqasında qalan yığmalar sırasına yazdırdı.

Kişinyovda keçirilən ilk görüşdə meydan sahiblərinin heyətində “Keşlə”nin qolkiperi Stanislav Namaşko da yer alıb. İlk oyunda yol verdiyi kobud səhvlər səbəbindən qapıçı cavab görüşünü ehtiyat oyunçular skamyasından izləyib. Hər halda, Qazaxıstanı iş başında görən “çərçivə qoruyucusu” qrupdakı rəqibimiz barədə daha dolğun bilgiyə sahibdi. Bunu nəzərə alıb, “Keşlə”nin qapıçısı ilə əlaqə saxladıq:

“Azərbaycan - Qazaxıstan görüşünə hələ iki ay qalıb. Bəlkə də o vaxta qədər qazaxların heyətində dəyişiklik olacaq. Bu üzdən heyəti fərdlər üzrə ayrı-ayrılıqda sizin üçün təhlil etməyim düz çıxmaz. Yəqin qarşılaşma ərəfəsində baş məşqçi və köməkçiləri, idman mətbuatı son məlumatları əldə edəcək. Ümumilikdə Qazaxıstan barədə nə deyə bilərəm? İki cümlə ilə onları belə tanıdardım. Bu komanda ilə oynamaq və qalib gəlmək mümkündü. Daha çox atletik oyuna üstünlük verirlər. Əsas üstünlükləri standart vəziyyətlər zamanı təhlükəli olmalarıdı. Çalışırlar “standartlardan” maksimum istifadə etsinlər. Topla pis olmasalar da, daha çox fiziki cəhətdən seçilirlər”.


RƏŞAD