Azərbaycan premyer-liqasının 21-ci turunda "Qarabağ" "Səbail"i 5:1 hesabı ilə darmadağın edib.
Qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüş haqda fikirlərini səsləndirib:
- Futbolçular milli komandalardan hansı durumda qayıtmışdılar?
- Gedənə kimi daha yaxşı idilər, nəinki qayıdandan sonra. Hər bir halda problemlər var idi, narahatlıq çox idi. Bəzi futbolçuların yorğunluğu, bəzilərinin öz idman formalarından uzaq olmağı var. Onları əvvəlki formalarına qaytarmaq üçün vaxt lazım olacaq.
- Leandro Andrade komandaya adaptasiya ola bilib?
- Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti yaxşıdı. Bu, çox vacibdi. Onun bacarığı bizim oyunumuza uyğundu, şansından yaxşı istifadə edə bilir. Potensialı yaxşıdı. Xarakter olaraq da çox böyüməlidi. Qarşıdakı vaxtlarda daha yaxşı olacağını düşünürəm.
- Milli komanda ilə bağlı fikriniz necədi?
- Heç bir fikrim yoxdu. Bütün diqqətimiz öz oyunumuzdadı.
- Bədavi Hüseynovun uzunmüddətli zədədən sonra milliyə dəvət olunmağına münasibətiniz necədi?
- Narahatlığım var idi. Əlbəttə ki, getməyini istəməzdim. Bizdə belə hallar çox olub. Bədavi ilə yox, Rüstəm Əhmədzadə ilə bağlı müraciət etmişdik ki, bizimlə qalsa, daha yaxşı olar. İdman formasından uzaqdı. Daha əvvəl də bu haqda danışmışdım. Amma hər bir halda milli komandadı. Biz çox üzərlərinə gedə bilmərik. Mənim bu mövzu ilə bağlı çox açıqlama verməyim düzgün olmaz. Hər bir halda doğru tərəf milli komandadı.
- Tbilisi "Dinamo"sunda Amin Qarayev adlı futbolçu var. Əvvəllər "Qarabağ"ın akademiyasında çıxış edib. Hazırda Gürcüstanın U-17 millisinə dəvət alıb. Bu oyunçunun "Qarabağ"dan getməsinin səbəbi nədi?
- Dünya futbolunda belə hallar çox olur. 10-12-13 yaşda futbolçunun perspektivini tam bilmək olmur. Mən o futbolçunu ümumiyyətlə görməmişəm. Çünki akademiyamızda olub. Yəqin ki, ailəsi Gürcüstana köçüb, ora onun üçün daha faydalı olub.