Buraxdığımız erkən qol futbolçuları həvəsdən saldı - Aftandil Hacıyev

2.04.2022 18:21 443
Premyer-liqa / Manşet
Azərbaycan premyer-liqasının 21-ci turunda "Qarabağ" "Səbail"i darmadağın edib.

Matçdan sonra "dənizçilə"in baş məşqçisi Aftandil Hacıyev görüş haqda fikirlərini bildirib:

"Oyundan əvvəl etdiyimiz təhlillərə görə bilirdik ki, bizi ağır oyun gözləyir. İkinci dövrədə "Qarabağ"ı məğlub etdiyimiz oyunla hazırkı komanda arasında çox böyük fərq var. Onda bizim durumumuz yaxşı idi. Zədəli, cəzalı oyunçularımız var. Ən azından rəqibə çətin anlar yaşatmaq istəyirdik. Buraxdığımız erkən qol futbolçuları həvəsdən saldı. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. İki komandanı müqayisə etmək sadəlövhlük olardı. Amma bunlar bəhanə deyil. Bizi düşündürən "Səbail"in növbəti mövsümə daha yaxşı hazırlaşmasıdı. Heyətdə dəyişilliklər edirik. Hər kəsi meydanda görmək istəyirik. Bu gün də öz yetirməmiz olan Zeynəddin Abdurahmanovu meydana buraxdıq. Qələbə qazana bilməməyimiz bizi məyus edir. Amma qarşıda hələ bir dövrə var. Ən yaxın olan rəqibimiz "Sumqayıt"dı. Çalışacağıq ki, onlardan geri qalmayaq. Rəqibi də təbrik edirəm. "Qarabağ" hazırda ən yaxşı formada olan komandadı".



- Milli komandaya "Səbail"dən heç kəs dəvət olunmamışdı. Bu haqda nə düşünürsüz?
- Milli komandanın əksəriyyəti ilk dördlükdə olan klubların futbolçularından təşkil olunub. Aşağı pillələrdə gedən komandaların oyunçularına diqqətin az olmağı normaldı. Millidə yerli futbolçuların çoxluq təşkil etməsini istəyərdim.


- Turan Manafovun Yunanıstan klubu ilə problemləri var. Özü ilə danışmısız? Yenidən komandaya qaytarmaq fikriniz var?
- Turanın klubu ilə problemlər yaşadığını bilirəm. Bizim qorxduğumuz da bu, idi. Gedəndə özünə də demişdim ki, bizim premyer-liqanın reytinqi Yunanıstan 2-ci liqasından daha üstündü. Amma israr etdiyinə görə ona şərait yaratdıq. Bu gün Turana bizim komandanın daha çox ehtiyacı var idi. Onun gedişindən sonra axtarışdayıq. Gənc futbolçudu, getmək istədi. Yaxşı ki, icarə əsasında gedib Yunanıstan klubuna. Yəqin ki, geri dönəcək.


- Növbəti mövsümün büdcəsi ilə bağlı dəqiqləşmə var?
- Komandanı indi gücləndirmək istəyi olsa da, indi bu mümkünsüz görünür. Amma növbəti mövsüm üçün daha yaxşı komanda formalaşdırmaqla bağlı müzakirələr olub. Yaxın vaxtlarda konkret məsələlər haqda danışa bilərik.