UEFA "Şamaxı"nı "Keşlə"nin varisi kimi tanıdı - AFFA AÇIQLADI

29.03.2022 21:20 763
Aktual / Manşet
"Keşlə"nin "Şamaxı" olması haqda xəbərlər gündəmi zəbt edib.

"Keşlə"nin "İnter"in varisi olduğunu bilirdik. Klubun loqosunun üzərində yaranma tarixi kimi 2004-cü ilin qeyd olunması da buna işarə idi. Amma "Şamaxı"nın emblemində 2022-ci il yazılıb. Bu isə suallar doğurmaya bilməz. Bəlkə UEFA "Şamaxı"nı "Keşlə"nin varisi kimi tanımayıb? "Qırmızı-ağlar"ın mətbuat xidmətindən aldığımız məlumata görə, bu məsələdə problem yoxdu. Həqiqətən belədisə, niyə loqonun üzərində 2022-ci il qeyd olunub? Sualımız klub rəhbərliyini çətinə saldı. Bu üzdən AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədova müraciət etdik:

"Sənədləri klubdan toplayıb UEFA-ya göndərdik. "Şamaxı" PFL-də də varis kimi tanınır. Klub mövsümü eyni xallarla davam etdirirsə, deməli, varisidi. Loqoya isə şərh verə bilmərəm. Klub sabah loqonun üzərində bir neçə ulduz çəksə, bu o demək deyil ki, çempion olub. Bu, klubun daxili seçimidi. Dizaynı özləri verib. Orda olan rəqəmləri də özləri seçib. Bu loqo UEFA-ya göndərilib və orda heç bir sual doğurmayıb. Hətta sənədlərlə birlikdə formaların dizaynı da göndərilmişdi. Hər biri sənədlər paketinə daxil idi. Qurum tərəfindən heç bir problem olmadığı üçün biz də belə qəbul etmişik".



GÜNAY VƏLİYEVA