Qış transfer dönəmində icarə əsasında ''Lill''dən ÇSKA-ya keçən və Rusiya karyerası fırtına kimi başlayan Yusuf Yazıcı gözlənilən mükafatın sahibi olub.
O, Rusiya çempionatında fevral və mart aylarının ən yaxşı oyunçusu seçilib. Premyer-liqada qış fasiləsi fevralın 26-da başa çatdığından birdən-birə iki ay üçün səsvermə keçirilib. Ayın ən yaxşı oyunçusu azarkeşlər, eləcə də premyer-liqanın və ''Matç Premyer'' kanalının futbol ekspertləri arasında aparılan sorğu ilə müəyyənləşir. Yazıcıdan başqa namizədlər arasında ''Lokomotiv''li Vilson İzidorla Rifat Jemaletdinov, ''Rubin''li Vitali Lisakoviç və ''Krasnodar''lı Eduard Spertsyan da var idi.
Xatırladaq ki, Yusuf çempionatda oynadığı 4 matçın hamısında fərqlənərək ümumilikdə 6 qol vurub. O, premyer-liqa tarixində ilk 4 oyunun hamısında qol sevinci yaşayan birinci legionerdi. Bundan başqa ''hərbçilər''in çalışdırıcısı Aleksey Berezutski də fevral və mart aylarının ən yaxşı baş məşqçisi seçilib.