Aylardı çoxlarını onunla bağlı bir sual düşündürür: gənc futbolçu yayda hansı komandada peyda olacaq? Almaniya klubu onu aprelin 30-dan sonra daha yüksək məbləğə sata bilər. “Marka” qəzetinin xəbərinə görə, norveçli hücumçunun hazırkı təzminat qiyməti 75 milyon avroya bərabərdi. Ancaq müqavilədəki bu maddənin etibarlılıq müddəti aprelin 30-na qədərdi. Dortmund klubu bu tarixdən sonra oyunçusunu daha yüksək məbləğə sata biləcək. Qeyd edək ki, Holannın “Borussiya” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında sona çatacaq.
Son xəbərlərə görə, artıq onun uğrunda mübarizədə iki klub – “Real” və “Mançester Siti” qalıb. “Barselona” rəhbərliyi transfer qiymətinin və maaş tələbinin yüksək olmasını nəzərə alaraq norveçlidən vaz keçib. Klubun vitse-prezidenti Eduard Romeu bu barədə belə açıqlama verib:
“Barselona” üçün mümkünsüz heç nə yoxdu, amma bu transferi həyata keçirmək çox çətindi. Holann dünya bazarında ən arzulanan 5 futbolçudan biridi. Onun uğrunda bir sıra klublar mübarizə aparırlar. Bəzilərinin iqtisadi imkanları daha genişdi. Bəzi klublar isə bizim üçün münasib olan qaydalarla fəaliyyət göstərmirlər. Bu, məndən asılı deyil, amma indi söhbət bizim üçün əlçatmaz olan məbləğdən gedir”.

