Şənbə günü Türkiyə çempionatının 30-cu turunda ''Yeni Malatyaspor'' öz meydanında ''Kasımpaşa''ya 0:2 hesabı ilə boyun əydi.
Sonuncu pillədə qərarlaşan və son 8 turda 6-cı dəfə meydanı başıaşağı tərk edən Malatya təmsilçisinin elitada qalmaq şansı artıq möcüzəyə bərabərdi. Bu oyunda meydan sahiblərinin kapitanı Sadık Çiftpınar ilə yerli fanatlar arasında qalmaqal yaşanıb. 2-ci buraxılan qoldan sonra öz azarkeşləri tərəfindən etirazla üzləşən və fitə basılan Sadik 76-cı dəqiqədə sarğını yerə ataraq meydanı tərk etmək istədi. Həm öz komanda yoldaşları, həm də rəqib komandanın üzvləri təcrübəli oyunçunu sakitləşdirib fikrindən daşındıra bildilər. Amma etirazlar davam edincə Sadik baş məşqçi tərəfindən əvəzlənməli oldu. 29 yaşlı futbolçu meydanı tərk etməmişdən bir müddət öncə isə əlini ayağının arasına qoyaraq nümayişkəranə şəkildə fanatlara cinsi orqanını göstərdi. Bu epizod hakimlərin gözündən qaçsa da, oyundan sonra sosial şəbəkələrdə Sadikin hərəkətinin şəkili və videosu yayıldı. Qalmaqal və etiraz dalğası qısa müddətdə böyüyüncə klubdan məsələ ilə bağlı rəsmi açıqlama verildi və Çiftpınarın qeyri-müəyyən müddətə komandadan kənarlaşdırıldığı açıqlandı! Federasiya tərəfindən də ona bir neçə oyunluq cəza verilməsi gündəmdədi. Bir çoxları Sadikin bu hərəkətini Paskal Numanın hərəkətlərinə bənzədir. 2003-cü ildə Numa ''Beşiktaş''ın heyətində ''Fənərbaxça''ya qol vurduqdan sonra əlini şortunun içinə salaraq ''Fənər''lilərə qarşı nalayiq hərəkət etmişdi. Futbolçu bu hadisədən sonra federasiya tərəfindən 7 aylıq cəza almış və ''Beşiktaş''dan qovulmuşdu. Sadik artıq hərəkəti ilə bağlı açıqlama da verib. Son məğlubiyyətlərin yaratdığı psixoloji təzyiq üzündən çox gərgin olduğunu deyən müdafiəçi fanatlardan üzr istəyib və hərəkətinin Numanın hərəkəti ilə eyni olmadığını deyib. Qeyd edək ki, 2015-19-cu illərdə ''Yeni Malatyaspor''un şərəfini qoruyan Sadik daha sonra 2 mövsüm ''Fənər''də top qovmuş və bu mövsümün əvvəlində sabiq klubuna qayıtmışdı.