Məsələn, srağagün Sumqayıtda oynamalı olan “ağ-qaralar” matçı doğma meydanda keçirdi. Flaqman 21-ci turda Zirəyə səfər etməli olsa da, bu da baş tutmayacaq. “Neftçi” “qartallar”ı yenə “Bakcell Arena”da qəbul edəcək. Bunun səbəbi 8-ci km stadionunda planlaşdırılan yenidənqurma işləridi. Bu qrafik 4-cü dövrədə “Neftçi”yə bütövlüklə təsir edəcək. Komanda, demək olar ki, bütün oyunlarını səfərdə keçirməli olacaq. Belə ağır yükün altına düşmək nəyə gərəkdi? Ümumiyyətlə, “Bakcell Arena” ötən il təmir olunmuşdu və yenidən buna nə ehtiyac var?
Suallarımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
“Stadionda hər il otla bağlı müəyyən işlər görülürdü. Ötən il Bakıda AÇ-2020-nin oyunları keçirildi. Türkiyə milli komandası məşqlərini bizim stadionda keçirdi. Bu səbəbdən də arenanın ot örtüyündə məcburi bərpa işləri görüldü. Bu dəfə isə səbəb fərqlidi. Hər dəfə avrokubok matçlarından və ya çempionatın startından öncə meydan baxımından problemlə üzləşirdik. Bunun yenidən təkrarlanmaması üçün qərar verildi ki, stadionun ot örtüyü tam dəyişdirilsin. İşimizi elə qurmalıydıq ki, avrokuboklara kimi arenamız hazır olsun. Stadionun ot örtüyünü təmir edən “Agro Sport” şirkətindən 3 ay vaxt lazım olduğunu söylədilər. Bu səbəbdən də qərar verildi ki, apreldə “Bakcell Arena”da matçlar keçirilməsin və qurğu təmirə bağlansın”.
İLKİN SULTANLI

