Koronavirus epidemiyasının sürətlə yayılması üzündən müntəzəm çempionatda dekabrın 21-22-də keçirilməsi nəzərdə tutulan oyunlardan yalnız biri baş tutdu və MHL “yuxuya getdi”.
Dekabrın 23-24-nə nəzərdə tutulan oyunlar da keçirilməyəcək. Ümumiyyətlə, dekabrın 26-sı, ABŞ vaxtı ilə saat 14.00-a qədər klublar oyunçuların koronavirus testindən keçməsi də qarışıq heç bir tədbir keçirə bilməz. Buna qədər isə ABŞ və Kanada klubları arasında Milada qədər keçirilməli oyunların təxirə salınmasına qərar verilmişdi. Bir sözlə, koronavirus ABŞ-da tüğyan edir, MHL isə bu üzdən fasilə götürməyə məcbur olan ilk peşəkar liqadı. Qurumun yaydığı bəyanatda deyilir:
“Təqvimə yenidən baxılıb və dekabrın 22-25-i aralığı bütün komandalar üçün istirahət dövrüdü. Dekabrın 26-da hokkeyçilər öz klublarına qayıdacaq, məşqlərə və koronavirus testlərinə qatıla biləcəklər. Bayram fasiləsindən sonra komandanın hansısa üzvü testi mənfi nəticə verənə qədər düşərgədə olmamalıdı. Dekabrın 26-na nəzərdə tutulan istənilən məşq yerli vaxtla saat 14.00-dan sonra başlamalıdı. Müntəzəm çempionat bazar ertəsi – dekabrın 27-də bərpa olunacaq”.
Onu da xatırladaq ki, indiyə qədər müntəzəm çempionatın 50 oyunu təxirə salınıb, bunlardan yalnız ikisinin yeni tarixi müəyyənləşib. Hadisələrin belə axarı MHL-də çıxış edən oyunçuların gələn il fevralın 4-20-si aralığında Pekində keçiriləcək Qış Olimpiadasında iştirak planlarının üstündən də xətt çəkib. Ədalət naminə onu da deyək ki, dünyanın ən nüfuzlu hokkey liqasının rəhbərliyi lap əvvəldən bunda həvəsli görünmürdü. Sadəcə, pandemiyanın geniş vüsət alması MHL rəhbərliyinin “çörəyinə yağ sürtdü”. İnsayder Frank Seravallinin yaydığı xəbərə görə, MHL və Hokkeyçilərin Həmkarlar İttifaqı artıq Pekin Olimpiadasından imtina qərarını razılaşdırıb. Bir başqa insayder Darren Dreger isə imtina qərarının yaxın 24 saat ərzində elan olunacağını xəbər verir. İstənilən halda elə bu həftə rəsmi qərar açıqlanacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində MHL-də çıxış edən hokkeyçilərin Pekin Olimpiadasına qatılacağı elan olunmuşdu. Ancaq elə onda bildirilmişdi ki, Liqa koronavirusla bağlı durum pisləşərsə, yanvarın 10-na qədər qərarını dəyişə bilər. Bu tarixə xüsusi diqqət yetirməyə dəyər. İş ondadı ki, MHL yekun qərarı yanvarın 10-dan sonra verəcəyi halda, bütün maliyyə itkilərini (məsələn, federasiyalara sığorta pulunu) qarşılamalıdı. Kəsəsi, bütün deyilənlər o anlama gəlir ki, hokkeysevərlər Pekində də dünyanın ən güclü hokkeyçilərini iş başında görməyəcəklər. Olimpiadanın hokkey turniri fevralın 9-da start götürəcək.