AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yekunlaşmaq üzrə olan AÇ-2020 haqda danışıb.
Bakıda keçirilən oyunlara da toxunan federasiya rəsmisi pandemiyaya görə müəyyən çətinliklərin olmasına baxmayaraq, nikbin məqamların çox olduğunu bildirib:
“Bu turnir təbiətcə bənzərsiz idi. Avropanın 11 şəhəri, ən uyğun olmayan bir məqamda yarışa ev sahibliyi etdi. Stadion tutumu və koronavirusa görə səyahət məhdudiyyətlərinin işimizi çətinləşdirdiyi həqiqət olsa da, müsabiqənin müsbət tərəflərinə nikbin baxa bilərik. 2019-cu ildə Avropa Liqası finalından sonra ölkəmiz bir daha Avropa futbolunun diqqət mərkəzinə düşdü. Elit səviyyəli rəqabəti ölkəmizə gətirməyin yerli azarkeşlər və Azərbaycan əhalisi üçün təsirini qeyd etməmək olmaz. Azərbaycanın da futbol masasında bir yeri olduğunu göstərdik. Ümid edirik ki, bu, ölkəmizdəki gənc nəsilə və idmançılara ilham verəcək. Yaxın gələcəkdə də ölkəmizdə beynəlxalq turnirlərin keçiriləcəyinə inanıram. UEFA tərəfindən ayrılmaz bir üzv olduğumuz üçün qürur duyuruq. Ümidvarıq ki, yaxın gələcəkdə də azarkeşləri Azərbaycana qaytarmaq üçün beynəlxalq idman qurumları ilə işbirliyimizi davam etdirə bilərik”.
E.Məmmədov Bakıda keçirilən oyunlar üçün paytaxtımıza gələn azarkeşlərin unudulmaz anlar yaşadığını qeyd edib:
“AFFA ölkəmizdə Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uelsi qəbul etməkdən, müxtəlif ölkələrdən komandaları bir araya gətirən təşkilatçılıqdan məmnundur. Komandalarını dəstəkləmək üçün Bakı küçələrini gəzən beş ölkənin azarkeşləri üçün turnir boyu əla futbol festivalı oldu. Əsasən yüksək səviyyəli idman yarışlarını qəbul etmişik. Danimarkanın 1/4 finaldakı aqressiv hücum futbolu kimi böyük anlar buradakı azarkeşlərin yaddaşlarında uzun müddət qalacaq. Ölkəmizin futbol sevgisini canlandıran bu anlar futbol layihəmizin 2025-ci ilədək irəliləməsində əhəmiyyətli rol oynayacaq”.