Dünənin adamı, əslində mənfi qəhrəmanı Vüqar Səfərli oldu.Baş Prokurorluğun yaydığı məlumatdan belə aydın olur ki, artıq tarixə qovuşan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaiti xərcləməsi zamanı aşkar edilən qanun pozuntuları ilə bağlı Hesablama Palatasından daxil olan material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı müəyyən edilib ki, Fondun icraçı direktoru Vüqar Səfərli “Portos” MMC-nin direktoru Nadir Məmmədov və başqaları ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-19-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da jurnalistlər üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib. Baş Prokurorluğun məlumatında Səfərlinin 2015-19-cu illər ərzində 300 min vəsaiti oğlunun adına təsis etdiyi “Futbol+qol” qəzetinə qanunsuz şəkildə köçürüb mənimsəməsi, eləcə də başqa cinayətkar əməlləri haqda dəlillər var. Kəsəsi, birvaxtlar qılıncının dalı da, qabağı da kəsən, mənəviyyatdan, əxlaqdan dəm vuran Vüqar Səfərli təkcə 2015-18-ci illər ərzində dövlətin 5 milyon 796 min manatını “yeyib”. İş üzrə toplanan ilkin sübutlar əsasında Vüqar Səfərli və Nadir Məmmədov həbs olunub.
Bizim xalqın yaxşı bir vərdişi var. Kimliyindən asılı olmayaraq, həbsə düşən istənilən şəxs haqqında “Allah qapısını açsın” deyirlər. Amma Vüqar Səfərli elə adamdı ki, dünən kimsənin dilindən bu kəlmə çıxmadı, əksinə, “feysbuk”da, başqa sosial şəbəkələrdə fikir bildirən hər kəs bu həbsi alqışladı. Sabiq icraçı direktor 11 il – 2009-dan 2020-yə qədər rəhbərlik etdiyi KİVDF ətrafında elə mühit yaratmışdı ki, hər kəs ondan ikrah hissi ilə danışırdı. Təbii, biz də Səfərlinin başımıza gətirdiklərini heç vaxt unutmadıq. İlk növbədə onu vurğulayaq ki, Vüqar bəy vaxtilə “Futbol+qol” qəzetini məhz “Futbol+”ə rəqib olmaq, oxucularımızı çaşdırmaq niyyəti ilə yaratmışdı. Onda hələ rayonlarda qəzet satışını həyata keçirən “Azərmətbuatyayımı” İstehsalar Birliyinin sədri vəzifəsində olan Səfərli “Futbol+”in yüksək satış faizindən xəbərdar idi. Yaradıcılıqdan, jurnalistikadan xəbərsiz bu adama elə gəlirdi ki, adımızın önünə bircə “qol” ifadəsi artırmaqla uğura nail ola biləcək, oxucularımızı “oğurlayacaq”. Amma bacarmadı, sonradan rəhbərlik etdiyi KİVDF-nin hesabına qəzetini bir neçə il də yaşatdı, dövlət yardımı dayanan kimi də qapatdı. Səfərli çox kinli adamdı və Əli Həsənovun himayəsinə sığınmaqla 2019-un aprelində bizə daha bir zərbə vurdu. Heç bir əsas, səbəb olmadan “Futbol+”in adını KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqədə iştirak edən qəzetlərin siyahısından çıxardı, haqqımızı yedi, kollektiv üzvlərinin pərən-pərən düşməsinə səbəbkar oldu.
Yenə də vurğulayıram ki, mənə gedənin, dara düşənin arxasınca danışmaq çox ağırdı, indi barmaqlarımı klaviaturaya qəzəblə çırparkən mənəvi cəhətdən qətiyyən rahat deyiləm. Amma... Vüqar Səfərli elə adamdı ki, onun haqqında müsbət tonda danışmaq, hansısa xidmətini xatırlamaq, tabeliyində olan adamlarla münasibətlərini xarakterizə edən kiçicik müsbət cəhətini tapmaq mümkün deyil. Necə deyərlər, su çanağı suda sınar. Yaxın vaxtlarda yeni bir Əli Həsənov peyda olub, Simurq quşu kimi köməyinə çatmasa, Səfərli ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirəcək. Martda 63 yaşını tamamlayacaq birisi üçün belə aqibət heç xoş olmasa da, o, bu cəzanı çoxdan haqq etmişdi. Bəli, bəzən ilahi ədalət gec zəfər çalır, bəzən Allah bəndəsi cəzasını bu dünyada almır. Amma nə yaxşı ki, Səfərli nağılı belə bitmədi. İllərdi yediyi pulu, nəhayət, qusmalı olacaq. Haqqımızı sənə halal etmirik!
Mahir Rüstəmli