Sizin reklam burada

Nazirin bir obyekti bağlansa

Title
Nazirin bir obyekti bağlansa

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz (Nəsimi)


Cəmi iki aydan sonra Azərbaycanda sərt karantin rejimi elan olunmasının bir ili tamam olacaq. Ötən ilin martından bəri ölkəmizdə koronavirus adlı bəlanın təsirlərini azaltmaq üçün müxtəlif üsullara əl atırlar. Yas məclisləri və toy şənliklərinin keçirilməsi qadağan olunub. Müxtəlif vaxtlarda rayonlara gediş-gəliş qadağan edildi, insanlar evlərinə qapanıb qaldılar. Əhalinin mütləq əksəriyyətinin normal həyat rejimi pozulub, iş yerləri bağlanıb. Bunun nə dərəcədə effektli olub-olmadığını demək çətindi. Dəqiq deyə biləcəyimiz bir şey var ki, karantin elan etməyən ölkələrdən elə də fərqli durumda deyilik. Doğrudu, ilk vaxtlar xəstəliyin artım tempi nəzarətdə saxlanılır, səhiyyəmiz bu təhlükəli virusa məğlub olmurdu. Hətta özümüzü dünyaya nümunə də göstərirdik. Lakin zamanla bu “üstünlüyü” də əldən verdik, koronavirus sürətlə yayılmağa başladı. İş o yerə gəldi çatdı ki, yoluxma sayı 5 minə, gündəlik ölüm sayı isə 50 nəfərə çatdı. Apteklərdə adi vitaminlər belə tapılmadı, xəstələri yerləşdirmək üçün çarpayı yetmədi, “təcili yardım” çağırışları qulaq ardına vurmağa başladı. Bir sözlə, xəstələnənlər Allaha təvəkkül və öz imkanları ilə müalicə olunmağa başladı.

Əlbəttə, xəstəlik və onunla mübarizə yollarıyla bağlı o sahənin mütəxəssisləri danışsa, daha doğru olar. Bizim dediklərimiz ümumi müşahidələr, gündəlik həyatımızda rastlaşdıqlarımızdı. Bu rastlaşdıqlarımızın arasında olanlardan biri də odu ki, Azərbaycanda xeyli məşqçi, idman mütəxəssisi də işsiz qalıb. Onların üzünə məşq zalları, üzgüçülük hovuzları bağlanıb. Neçə-neçə bacarıqlı mütəxəssis taksi sürməklə, ustalıq etməklə gününü keçirir, bir tikə çörək pulu qazanır. Onlarla birlikdə azyaşlı idmançılar, sağlam bədəndə sağlam ruhun olması arzusuyla idman məşğələlərinə yazılanlar, üzgüçülük hovuzlarının yolunu tutanlar da var. Avtobusda bir-birinə yapışıb, dəqiqələrlə yol getməyə məcbur olan insanları necə inandırasan ki, idman zallarında məsafə saxlamaqla məşq etsələr, hovuzlarda ayrı-ayrı künclərdə üzsələr, koronavirusa yoluxacaqlar?! Fitnes məşqçiləri, cüdo və boks təlimçiləri müəyyən qədər bu vəziyyətdən çıxış yolu tapıblar. Əyani effekti əvəzləməsə də, onlar məşğələləri onlayn formada aparır, müəyyən qədər öz yetirmələri ilə ünsiyyətdə olurlar. Amma idmanın üzgüçülük növü bu mənada istisnadı. Çünki onlayn üzmək mümkün deyil. Bunun üçün mütləq hovuza getməlisən. Heç də hamının imkanı yoxdu ki, evində-həyətində özünə hovuz tiksin.

Acınacaqlı durum üzgüçülük üzrə məşqçi Yana Xasyanovanı dilə gətirmişdi. Mətbuata müsahibə verən Yana xanım yüzlərlə üzgüçünün, bu sahənin onlarla mütəxəssisinin dərdini dilə gətirmişdi. Xasyanova çox doğru qeyd edir ki, Rusiya və Türkiyədə yarışlar davam edir. Sitat: “Hazırda üzgüçülük bəlkə də ən təhlükəsiz idman növüdü. Məşqləri dayandırmayan idmançılarımızdan heç biri virusa yoluxmadı. Xlorlu su, yüzfaizlik dezinfeksiya, böyük ağciyər həcmi, yüksək immunitet. İdman yoxdusa, Gənclər və İdman Nazirliyi, qurumun minlərlə əməkdaşı niyə işləyir?” Nazirliyin rəsmiləri sonuncu suala cavab vermək əvəzinə bürokratiya nağılları danışır, əsas hədəfdən yayınmağa çalışırlar. Baş İdarənin rəisi Raqif Abbasov öz aləmində Yana xanıma cavab verib: “Nə Baş İdarənin elektron ünvanına, nə də poçt vasitəsilə bizə rəsmi müraciət daxil olub”. Müraciətin daxil olmasına nə ehtiyac var axı? Məgər siz özünüz vəziyyəti görmürsüz? Yana Xasyanovanın dilə gətirdiklərini, onlarla məşqçinin ürəyini deşən narahatlığı özünüz lazımi orqanların diqqətinə çatdırıb, ortaya təkzibolunmaz sübutlar qoya bilmirsizmi? Təəssüflər olsun ki, Azərbaycan idmanının başında duranlar bu sahənin problemlərindən uzaqdılar. Ona görə də idman mütəxəssislərinin düşdüyü acınacaqlı durum səlahiyyət sahiblərini narahat etmir. Gənclər və İdman Nazirliyinin rəhbərliyi Olimpiya Komplekslərinə biznes obyektləri, qazanc mənbəyi kimi baxır. İdman zalları bağlansa da, olar, əsas odu ki, onların nəzdindəki otellər işləsin, rayonlara gələn qonaqları qəbul etsin, kassaya mədaxil olsun. Qalan şeylər o qədər də vacib deyil. Nə vaxtsa Olimpiya Komplekslərinin otelləri bağlansa, onda da nazirliyin rəhbərliyi hərəkətə keçəcək.

Taleyin qismətidi ki, bugünlərdə baş verən biabırçı hadisə Yana Xasyanovanın verdiyi ironik sualın necə böyük əhəmiyyət daşıdığını göstərdi. Xanım Gənclər və İdman Nazirliyinin minlərlə əməkdaşının nə işlə məşğul olduğunu soruşmuşdu. O boyda Tofiq Bəhramov adına Respublika stadionun həyətindəki heykəlini rəngləyiblər, referinin doğum tarixini səhv göstəriblər. Nə nazirliyin əməkdaşları bundan xəbər tutub, nə də stadionun rəhbərliyi. Yalnız rəhmətliyin nəvəsi şikayət edəndən sonra lövhədəki tarix dəyişdirilib. AFFA da Bəhramovun nəvəsinin xahişi əsasında nazirliyə müraciət edib ki, heykəli əvvəlki rənginə qaytarsınlar. Stadionun direktoru da deyib ki, heykəli onun xəbəri olmadan rəngləyiblər. Bundan sonra biz Azərbaycan idmanına və idman mütəxəssislərinə hansı diqqətdən danışaq?!

AMAL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.