Bordin səhvlərindən nəticə çıxarmalıdı
Evdə 2:2-lik bərabərlik dünyanın sonu deyil. Cavab görüşündə istənilən hesablı qələbə mərhələni keçməyə yetəcək. Niyə də olmasın?! APOEL “Qarabağ”la ilk oyundakı 1:2-lik geriliyi Bakıda aradan qaldırıb pley-offa yüksələcəyinə inanırsa, “Neftçi” niyə ruhdan düşməlidi? Yenə də o fikirdə qalırıq ki, bakılılar əksər parametrlərə görə “Bney Yehuda”dan üstündü. Sadəcə...
Eyforiya
Roberto Bordin bu məqamı yaxın buraxmasa da, “Neftçi” ilk iki mərhələni birnəfəsə, fantastik sayıla biləcək statistik göstəricilərlə keçməklə “havalanmışdı, göylərdə idi”. Tərifin dozası artıq olduğu üçün idi ki, rəqib düzgün qiymətləndirilməmiş, lazımi səviyyədə təhlil edilməmişdi. Yoxsa “yenilənmiş heyətlə meydana çıxan, anlaşma səviyyəsi olmayan bir komandaya bənzəməyin” başqa nə izahı ola bilər. Axı “Bney Yehuda” “Neftçi”yə “Arsenal” qədər əziyyət vermədi, davamlı pressinqə məruz qoymadı.
Yanlış heyət seçimi
Hər komandanın mövsüm ərzində bir neçə zəif oyunu, enişli-yoxuşlu qrafiki olur. “Neftçi” ilk iki mərhələni, demək olar, qüsursuz keçmişdi. Hücumda işlər qaydasında idi – 13 qol bundan xəbər verir, müdafiə qaydasında görünürdü – 4 oyunda qapı toxunulmaz saxlanılmışdı. Bəs necə oldu ki, müdafiədən oynayan bir komanda “Neftçi”yə iki qol vura bildi? Sinyor Bordin bu dəfə əla formada olan Mamadu Kaneni ehtiyatda saxlayıb Vangelis Platellasa ilk “11-lik”də yer vermişdi. Səbəbini izah etməyə çalışır ki, Platellas daha yaradıcı, avantüristdi. Ümid edirdi ki, yunanıstanlı rəqibin cərimə meydançası həndəvərində özünəməxsus manerası ilə müdafiəçiləri təzyiq altında saxlayacaq, alınmasa, “qala”nı uzaqdan zərbələrlə sarsıdacaq. Ancaq elə ilk dəqiqələrdən bəlli oldu ki, oyun praktikasından əziyyət çəkən, Avroliqadakı 4 qarşılaşmadan üçündə meydanda olan və cəmi 125 dəqiqə top qovan Platellas çatdırmır. Yaradıcı olan Emin Mahmudovunn də arxaya kömək edə bilməməsi, ümumiyyətlə, oyunu zəif keçirməsi nəticəsində yarımmüdafiənin mərkəzi israillilər üçün “açıq darvaza”ya döndü. Belədə yeganə dağıdıcı funksiyalı futbolçu kimi meydanda olan Soni Mustivarın üzərinə çox yük düşdü. O, bu ağırlığın öhdəsindən gələ bilmədi.
Səhv taktika
Ümumiyyətlə, Bordin özü də etiraf etdiyi kimi, “Neftçi” qapanan və həyasızca vaxt öldürən rəqibin müdafiəsini mərkəzdən yarmaq planı qurmuşdu. Ancaq ötürmələr hücumçulara keçmirdi. Bu da əsasən ötürmələrdəki səhvlərdən qaynaqlanırdı. Ümumiyyətlə, o gecə “Neftçi” əvvəlki dörd oyunda yol vermədiyi qədər ötürmə səhvi etdi. Xüsusilə müdafiəçilərin səhvlərindən sonra qapımız qarşısında real təhlükə yaşanırdı. Sirr deyil ki, “Neftçi” qapanan komandalara qarşı oynamağa, “birinci skripka” olmağa adət etməyib. Fikrimizin təsdiqi kimi premyer-liqadan misal çəkək. Bakılılar əsasən “Qarabağ”a qarşı rahat oynaya bilir(di) ki, bu da ağdamlıların hücuma aludə olmasından qaynaqlanır. Belədə Bordinin əks-hücum üslubu işə yarayır. Ancaq deyək ki, “Səbail”, “Sumqayıt” kimi komandalarla bu alınmır. Çünki onlar da bilərəkdən topu “Neftçi”yə verib əks-hücum taktikasına üstünlük verir(di). “Bney Yehuda” ilə oyunun gedişində Bordin Platellası cinaha keçirib Stiven Jozef-Monrozu ortaya çəkəndə “ağ-qaralar”ın oyunu daha təhlükəli alınırdı. Belədə “Neftçi” hücumda çoxala bilirdi. Son dəqiqələrdə Voislav Stankoviçin Mamadu Mbocla əvəzlənməsindən sonra bakılılar irəlidə daha böyük qüvvə ilə mübarizə aparırdı. Baxmayaraq ki, mərkəz müdafiəçisini həmampluası əvəzləmişdi. Ancaq standart vəziyyətlər və asmalar zamanı Mbocun bacarığını nəzərə alan Bordin seneqallının xidmətindən sırf hücumçu kimi yararlandı. Müdafiəçi qalan 8-10 dəqiqə ərzində geri qayıtmadı. Təbii ki, standart vəziyyətlər zamanı mərkəz müdafiəçilərinin rəqibin cərimə meydançasına getməsi adət etdiyimiz, normal haldı. Ancaq sırf forvard Rauf Əliyevi əvəzləyib müdafiəçidən davamlı hücumda yararlanmaq – bu heç də normal, məntiqi deyil. Baxmayaraq ki, Rauf kimi təcrübəli hücumçu ilk yarıdakı yüzfaizlik vəziyyətdə qərar verə bilməməklə start heyətində yerini itirməyi haqq edir.
Petah-Tikvada necə oynamalı?
İlk növbədə heyət seçimindəki yanlışlıq aradan qaldırılmalıdı. Başqa sözlə, Kane start heyətinə qaytarılmalıdı. Yəni oyuna Səlahət Ağayev, Anton Krivotsyuk, Kiril Petrov, Voislav Stankoviç, Ömər Buludov, Soni Mustivar, Mamadu Kane, Dario Federiko, Emin Mahmudov, Stiven Jozef-Monroz, Rauf Əliyev “11-liy”i ilə başlamaqla “daşlar yerinə oturacaq”. Raufu Dabo ilə də əvəzləmək olar.
Çox güman, vaxt öldürmək üçün hər yola əl atan “Bney Yehuda” bunun acı nəticəsini gördüyü, həmçinin yerli azarkeşlərin təzyiqi ilə qarşılaşmamaq üçün Petah-Tikvada fərqli taktika seçərək, hücum futbolu sərgiləyəcək (həm də böyük ehtimalla cavab görüşünə fransalı Kərim Abed tipində, rəqibin vaxt uzatmasına dəstək verən bir referi təyinat almayacaq). Bu isə “Neftçi”nin işinə yarayacaq. Hətta bu baş verməsə belə, Kanenin ortadakı işgüzarlığı sayəsində israillilərin əks-hücumlarını zərərsizləşdirmək mümkündü. Belədə Emin Mahmudov hücumların təşkilində daha yaxından iştirak edə biləcək. Vurulacaq bir qol “Bney Yehuda”ya “Arsenal”ın aqibətini yaşada bilər. Ümumiyyətlə, indiki halda “Neftçi”nin cavab görüşündə ya böyük hesabla qalib gələcəyini, ya da hadisələrin ssenaridən çıxması nəticəsində darmadağına məruz qalacağını proqnozlaşdırırıq. Səfər oyununda motivasiya həlledici olacaq. “Neftçi” daha aqressiv mübarizə aparmalıdı.
MİRAĞA