Cənubi Kipr mətbuatı APOEL-in “Qarabağ” ilə Bakıdakı oyununa çox böyük maraq göstərməkdə davam edir. Həmkarlarımız arxivə baş vuraraq, APOEL-in indiki və sabiq baş məşqçilərinin meydanda üz-üzə gəlib-gəlmədiyini də araşdırıblar. Belə məlum olub ki, Tomas Doll “Latsio”nun, Paolo Trametsani isə “İnter”in formasını geyərkən yaşıl meydanda qarşılaşıblar. Bu maraqlı hadisə 1993-cü il sentyabrın 19-da baş verib. Həmin oyun qolsuz bitib.
Doll artıq kollektivlə tanış olmağa da imkan tapıb. İlk məşq işgüzar əhval-ruhiyyədə və mehribanlıq şəraitində keçib. APOEL camiəsi ümid edir ki, yeni baş məşqçinin gəlişi ab-havanın dəyişməsi və komandanın Bakıdakı görüşə daha yaxşı hazırlaşmasına imkan verəcək.
İlk iki gündə Bakıda artıq 8 min biletin satılması da Cənubi Kipr mənbələrinin marağına səbəb olub. Onlar oyunun dolu tribunalar önündə keçirilməsinin daha çox meydan sahiblərinin xeyrinə işləyəcəyi gizlətmirlər. Oyuna hələ dörd gün qalmış 8 min biletin sahibini tapması Kipr yunanlarını təəccübləndirib.
Daha bir maraqlı xəbər odu ki, APOEL-in turzim tərəfdaşı olan “Travelnet” şirkəti ilə birgə keçirdiyi xüsusi kampaniya çərçivəsində iki azarkeş Bakıya klubun hesabına gəlmək imkanı qazanıb. Onlara xatirə talonunu De Vinsenti və Pavloviç təqdim edib. Həmin azarkeşləri bazaya dəvət edən rəhbərlik yeni baş məşqçi ilə görüşmələrinə də şərait yaradıb.