“Ayxan Abbasov postunda qalsa, böyük ehtimalla yenidən “kimyaçı” olacam”
“Keşlə”dən ayrılan Amil Yunanovun adı müxtəlif klublarla yanaşı hallansa da, forvard hələ ki heç bir elita təmsilçisi ilə anlaşmayıb. Hazırda Tovuzda dincələn Amillə söhbətdə həm geridə qalan mövsümü dəyərləndirdik, həm də gələcəklə bağlı planlarını öyrənməyə çalışdıq.
- İstirahətin necə keçir?
- Şükür Allaha, hər şey qaydasındadı. Təmiz dağ havasından udub, sərin bulaqların suyundan içib istirahət edirəm. Mən bu elin-obanın övladıyam. Tovuzu dünyanın heç bir yerinə dəyişmərəm.
- İstirahət öz yerində, bir müddətdən sonra yenidən yaşıl meydana qayıtmalısan. Karyeranı harda davam etdirmək fikrin var? Son günlər adın “Qəbələ” ilə yanaşı hallanır. Hətta komandanın baş məşqçisi Sənan Qurbanov açıqlamasında səninlə anlaşdıqlarını bildirib.
- “Qəbələ"dən təklif almışam. Ancaq böyük ölçüdə onlarla müqavilə bağlamayacam. "Qəbələ"də oynamaq istərdim. Sadəcə, mənim də şərtlərim, istəklərim var. Bunu da klub rəhbərlyinin diqqətinə çatdırmışam. Söhbət heç də maliyyə ilə bağlı deyil. Düzdü, hər bir futbolçu üçün maddiyyat önəmlidi ki, bu da normaldı. Heç kim deyə bilməz ki, pula görə oynamıram. Bir də elə yaşdayam ki, bütün nüansları fikirləşməliyəm. Yeni, akademiyanın öz yetirmələrindən ibarət komanda qururlar. 18-19 yaşlı uşaqlarla nəyə nail olmaq olar? "Qəbələ" Futbol Akademiyasının yetirməsiyəm, bunu heç vaxt danmıram. Ancaq hücumçu kimi işim qol vurmaqdı. Sabah bir neçə tur fərqlənməsəm, hamı üstümə gələcək, zəif oynadığımı deyəcək. Daha heç kim deməyəcək ki, Amilə top çatdıran olmadı. Elita təcrübəsi olmayan gənclər məni irəlidə topla təmin edə biləcəklər? Bax, bu məsələ məni narahat etdiyindən təklifi geri çevirdim.
- Deməli, indi başqa təklifləri gözdən keçirirsən? Söylənilənlərə inansaq, yenidən “Sumqayıt”a qayıtmaq planın var.
- “Sumqayıt”dan və başqa iki klubdan təklif aldığımı gizlətməyəcəm. Ancaq qərar verməkdə tələsmirəm. İstəmirəm ki, “Keşlə”də yaşadıqlarımı yenidən təkrarlayım. 26 yaşda oynamaq və irəli getmək lazımdı. Hazırda mənim ehtiyatda oturub vaxt keçirən vaxtım deyil.
- Məncə, “Sumqayıt”a daha çox üstünlük verirsən. Həm komanda, həm də şəhər sənə tanışdı. Həm də ulduzun orda parladı.
- Bugünlərdə sumqayıtlı azarkeşlərdən çox sayda mesaj almışam. Hamısı məni yenidən “Sumqayıt”da görmək istəyir. Görək necə olur. İddialı komanda qursalar, niyə də yenidən ora qayıtmayım?! Həm də gözləyirəm, görək baş məşqçi məsələsi necə olacaq. Ayxan Abbasov postunda qalsa, böyük ehtimalla yenidən “kimyaçı” olacam (gülür).
- “Keşlə”yə keçdiyinə görə peşmansan?
- Peşman olduğumu deyə bilmərəm. Ancaq bir mövsüm yerimdə saydım. Yuxarıda qeyd etdiyim kimi hazırda elə yaşdayam ki, üzdə olmalıyam, vurduğum qollarla yığma məşqçilərinin maraq dairəsinə düşməliyəm. 19-20 yaşım yoxdu ki, deyim akademiya uşağıyam, qalıb bir-iki il oynayaram. Yenidən uğursuz il keçirsəm, bu mənə pis təsir edə bilər. İstənilən futbolçu iki mövsüm gözdən itsə, adı artıq unudulmuşlar siyahısına düşür. Bu isə mənə xoş olmaz.
- “Keşlə”yə “Sumqayıt”ın bombardiri kimi getmişdin. Ancaq paytaxt klubunda özünü göstərə bilmədin. Səbəbini bilmək istərdik.
- Səbəblər çoxdu. Hamısını bir-bir saysam, vaxtınızı çox almış olaram. İlk növbədə komandada tez-tez baş məşqçi dəyişikliyini qeyd edərdim. Hər mütəxəssisin futbola öz baxışı var. Biri uzun ötürmələrlə oynamağımızı istəyirdi, digəri top saxlamağımızı, üçüncüsü isə tam fərqli tapşırıq verirdi. Qısa vaxtda tez-tez oyun sisteminin dəyişməsi istər-istəməz futbvolçunun çıxışına təsir göstərir. Bir də ən başlıca məqam: yetərincə oynamaq şansı qazanmamağımı vurğulamalıyam. Statiskaya aldanmayın. Premyer-liqanın 28 turunun, səhv etmirəmsə, 24-də meydana çıxmışam. Ancaq siz baxın, görün mənə özümü göstərmək üçün nə qədər vaxt verilib. Hər dəfə 10-15 dəqiqə oynamışam. Buna baxmayaraq, başa çatan “futbol ili”ndə yenə rəqib qapılarını 6 dəfə silkələməyi bacardım. Fikrimcə, daha çox oynamağa imkan verilsəydi, qollarımın sayı minimum 10 olardı.
- Oynamamağının səbəbini baş məşqçiniz Tərlan Əhmədovdan soruşmuşdun?
- Komanda yoldaşlarım Allah şahididilər. Tərlan müəllim bir dəfə məşqdə hamının yanında “sən çox güclü hücumçusan. Bu günə kimi Azərbaycan futbolunda gördüyüm forvardlar arasında bir Vəli Qasımovu, bir də səni vurğulayardım. Vəli kimi səndə də istənilən an oyunun taleyini təkbaşına həll edə biləcək potensial var” dedi. Lakin bu sözlərdən sonra da mənə güvənmədi. Bir də onu qınamağın yeri yoxdu. Qışdan sonra komandaya yeni legionerlər qoşuldu. Onlar isə mütləq oynamalıydılar. Yəqin ki, nə demək istədiyimi başa düşdüz. Futbolda belə hallar olur. Açığı, çox danışmaq istəmirəm. Artıq “Keşlə”də deyiləm. Rəhbərliyə də, Tərlan müəllimə də gələcəkdə uğurlar arzulayıram. Komandaya yeni qoşulanda bilirdim ki, oynamaq, qol vurmaq üçün potensialım və gücüm var. “Qarabağ” və “Neftçi”yə getməmişdim ki, deyim heyətə düşməkdə çətinliklə üzləşəcəm. “Keşlə”nin hücumçularının heç birindən özümü zəif saymıram.
- Səni Vəli Qasımova bənzədən Tərlan Əhmədov klubda qalsa da, səninlə yolları ayırdılar. Bunu necə başa düşək?
- Mövsümün sonuna 3 tur qalmış baş məşqçinin köməkçilərindən biri mənə yaxınlaşıb, rəhbərliyin yeni müqavilə təklif etdiyini bildirdi. Həmin vaxt artıq başqa klubdan təklif almışdım deyə, fikirləşmək üçün vaxt istədim. Çempionat başa çatandan sonra klubdan gedən oyunçuların siyahısında adımı görəndə çox təəccübləndim. Mən elə fikirləşirdim ki, indiki kollektivdən növbəti mövsüm 3 oyunçu saxlasalar, onların arasında mən də olacam. Ancaq mənə heç nə demədən siyahını ictimaiyyətə açıqladılar. Əslində məsələni bu şəkildə ictimaiyyətə təqdim etmək də düz deyildi. Onsuz da anlaşmamın müddəti bitmişdi. Yəni məni heç kim ordan qovmayıb.
- Klubun sənə borcu qalıb?
- Xeyr. Rəhbərlik maaşımızı son qəpiyədək ödədi.
- Son vaxtlar bəzi futbolçularımız ölkə xaricinə yollanıb legioner həyatı yaşamaq istəyirlər. Bəs sən necə? Karyeranın sonuna qədər Azərbaycanda çıxış etmək fikrin var?
- Hardan təklif aldım ki, “yox” da deyim? Böyük məmnuniyyətlə Türkiyə və Rusiyada oynayaram. Elitada olmasa belə, birinci dəstəyə yollanaram. Ancaq bu günə kimi bu yöndə təklifim olmayıb.
- Bu işlərlə agentlər məşğul olur. Onlar müştərisi olduğu futbolçuya klub axtarırlar. Sənin agentin var?
- Var, ancaq adını çəkməyəcəm. Yalnız onu deyə bilərəm ki, azərbaycanlıdı. Əslində aldığım təklifləri dəyərləndirməməyimin səbəblərindən biri də legioner həyatı yaşamaq istəyimlə bağlıdı. Həm öz agentim, həm də başqa iki menecer mənə xaricdə klub axtardıqlarını deyiblər. Buna görə də indidən müqavilə bağlamaq istəmirəm. Bir qədər də gözləyəcəm, səs-soraq çıxmasa, yerli klublardan biri ilə anlaşacam.
RƏŞAD