“Keşlə” isə “Sabah”a pul ödəyəcək
Aprelin 30-da AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı premyer-liqada 26-cı, birinci divizionda isə 24-cü turda, eləcə də kubokun yarımfinal mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub.
Kubokda həm “Qəbələ” – “Qarabağ”, həm də “Sumqayıt” - “Zirə” matçında qayda pozuntusu baş verib. “Qəbələ” sarı vərəqələrin çoxluğuna görə 800 manat cərimə olunub. “Sumqayıt” isə ciddi xəbərdarlıqla canını qurtarıb. Belə ki, “Zirə” ilə “Kapital Bank Arena”dakı matç başa çatdıqdan sonra "Sumqayıt"ın mühafizəçisi Elnur İbişov meydana çıxıb. Buna görə kluba ciddi xəbardarlıq olunub ki, eyni hal yenidən təkrarlanacağı təqdirdə cəza qaçılmaz olacaq.
Premyer-liqanın son turuna görə üç klub cəriməyə məruz qalıb. “Zirə” – “Qarabağ” və “Səbail” – “Qəbələ” matçında meydan sahiblərinin, “Sabah” – “Keşlə” qarşılaşmasında isə qonaqların heyətində sarı vərəqə alanların sayı 4 və daha artıq olub. Bu isə hər birinin 800 manat ziyana düşməsi deməkdi. Bundan başqa, “Keşlə”yə xəbərdarlıq olunub. Belə ki, oyun başa çatdıqdan sonra “Keşlə”nin futbolçusu Edvinas Girdvainis stadionun dəhlizinin pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah”ın təqdim edəcəyi hesabat əsasında “Keşlə” tərəfindən ödəniləcək.
Diviziona gəlincə, “Sabah-2” ilə oyunda qələbə “Ağsu”ya 80 manat bahasına başa gəlib. Belə ki, hakim meydan sahiblərinin dörd futbolçusuna “sarı” göstərib və nəticədə “40-cı maddə” işə düşüb. Oyunun 27-ci dəqiqəsində isə “Sabah-2”nin müdafiəçisi Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqibi başla vuran intizamsız futbolçu 3 oyunluq diskvalifikasiya olunub, klub 240 manat cərimələnib. “Turan Tovuz”u isə Şahin Quluzadə “tərlədib”. “Sumqayıt-2” ilə matçın 83-cü dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan futbolçu mayın 4-də “Səbail-2” ilə baş tutacaq görüşü buraxacaq. Klubu onun “qırmızı”sını 20 manatla “sığortalayacaq”.
Beləliklə, komitə klublara 3540 manatlıq cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 135420 manata çatıb.