Mayın 7-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı premyer-liqada 27-ci, birinci divizionda isə 25-cü turda, eləcə də kubokun yarımfinal mərhələsinin cavab oyunlarında baş vermiş qayda pozuntularının müzakirəsinə həsr olunub.
Kubokda yalnız “Qarabağ” – “Qəbələ” matçı müzakirə olunub, sanksiyalar açıqlanıb. Oyun PFL-in büdcəsini 4800 manat zənginləşdirib. Altı futbolçusu sarı vərəqə alan “Qəbələ” buna görə 800 manat cərimələnib. Bundan başqa, 75-ci dəqiqədə texniki zona qaydalarını pozduğuna görə tribunaya göndərilən “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov da klubu bir o qədər “tərlədib”. Üstəlik, baş məşqçi Naxçıvandakı final görüşündə də komandanın yanında ola bilməyəcək. “Qarabağ”a gəlincə, ağdamlılar cəmi 1600 manat cərimələnən “Qəbələ”nin ikiqatını ödəyəcək. Oyun başa çatdıqdan sonra Voislav Stankoviçə qarşı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Miçel 4 oyunluq diskvalifikasiya olunub, klub 3200 manat cərimələnib.
Premyer-liqanın 27-ci turu çərçivəsində baş tutan “Keşlə” – “Zirə” matçında meydan sahiblərinin üzvü Denis Silva “son ümid folu”na görə birbaşa qırmızı vərəqə aldığına görə son turu da buraxmalı olacaq. Klubu onun “qırmızı”sını 200 manatla “sığortalayacaq”. “Sumqayıt” – “Sabah” matçında hər iki komandanın, “Qarabağ” – “Səbail” qarşılaşmasında isə ağdamlıların heyətində vərəqə alan futbolçuların sayı 4 və daha artıq olub ki, bu da hərəyə 800 (cəmi 2400) manat cərimələnmək deməkdi.
Diviziona gəlincə, son vaxtlar bir qədər səngiyən qüsurlar, texniki problemlər yenə baş qaldırıb. Konkret turun mərkəzi qarşılaşmasında - “Zaqatala” – “Neftçi-2” matçında radio-məlumat olmadığına görə meydan sahibləri 160 manat cərimələnib. Ümumiyyətlə, “ağ-qaralar”la görüş “Zaqatala”ya 400 manata başa gəlib. Dörd futbolçusu sarı vərəqə ilə cəzalanan və buna görə 80 manat “tərləyən” bölgə təmsilçisini Sərxan Abdullayev 160 manat ziyana salıb. Matça əlavə olunmuş dəqiqələrdə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan futbolçu həm də 3 oyunluq diskvalifikasiya edilib. “Turan Tovuz” – “Səbail-2” oyunundan əvvəl isə ənənəvi iclasda polis iştirak etmədiyinə görə meydan sahibi 80 manat ödəyəcək. Bundan başqa, “Turan Tovuz”un 5 futbolçusu “sarı” alıb ki, bu da 80 manat deməkdi. “Səbail-2”ni isə oyunun 16-cı dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan qovulan Hikmət Verdiyev ziyana salıb. Futbolçu 1 oyun cəza alıb, klub 20 manat cərimələnib.
“Sabah-2” – “Qarabağ-2” matçı nəzərdə tutulan vaxtdan 5 dəqiqə gec başlayıb ki, bu, ağdamlıların səhlənkarlığı üzündən baş verib. İK kluba 240 manat cərimə kəsib. “Sabah-2”ni isə baş məşqçisi 80 manat ziyana salıb. Belə ki, Vasif Haqverdiyev 90-cı dəqiqədə texniki zona qaydalarını pozub. Məşqçi son turda da texniki zonada ola bilməyəcək. “Zirə-2” – “Sumqayıt-2” matçının 80-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Müşfiq İlyasov ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. O, 1 oyun cəza və 20 manat cərimə ilə canını qurtara biləcək. MOİK-lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qaradağ Lökbatan” isə 80 manat cərimə ödəyəcək.
Beləliklə, komitə klublara 8400 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 143820 manata çatıb.