Azarkeşləri “Sumqayıt”ı 1600 manat ziyana saldı
Dünən AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. Toplantı Topaz premyer-liqasında 4-cü, birinci divizionda isə 3-cü turda baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub.
Sözsüz ki, “Səbail” – “Zirə” matçı ilə bağlı çıxarılacaq qərar daha çox maraq doğururdu. Belə ki, “Zirə”nin heyətində limit pozulmuşdu. Konkret reqlamentə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli olsa da, qəsəbə təmsilçisinin məsul şəxslərinin məsuliyyətsizliyi və unutqanlığı nəticəsində cəza qaçılmaz idi. Komitə oyunun nəticəsini (1:1) ləğv edib, kluba texniki məğlubiyyət (0:3) verilib. “Zirə” maddi planda da ziyana düşüb. Ancaq limiti pozduğuna görə yox, sarı vərəqələrin çoxluğu səbəbindən. Nəticə ləğv olunsa da, vərəqələr saxlanılır ki, 4 “sarı” klubu 800 manat “tərlədib”.
“Qarabağ” – “Sumqayıt” matçında cəza və cərimələr birmənalı qonaqların əleyhinə yönəlib. 70-ci dəqiqədə ikinci xəbərdarlıqdan sonra komandasını azlıqda qoyan Yusif Nəbiyev 1 oyunluq uzaqlaşdırılıb, kluba 200 manat cərimə kəsilib. Oyun başa çatdıqdan sonra isə “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb ki, bu, kluba daha ağır - 1600 manat cərimə bahasına başa gəlib.
“Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində ikinci “sarı”dan sonra meydandan kənarlaşdırılan meydan sahiblərinin müdafiəçisi Məqsəd İsayev də Yusif Nəbiyevin aqibəti (1 oyun, 200 manat) ilə üzləşib.
Diviziona gəlincə, aşağı liqada son turda iki qırmızı vərəqə qeydə alınıb. “Qaradağ Lökbatan”la qarşılaşan “Keşlə-2”nin üzvü Murad Qayalı və “Sabah-2” ilə matçda meydandan qovulan Kənan Müslümovun cəzası eyni olub: 1 oyun və 20 manat. Debütantın əvəzedici komandası isə sarı vərəqə bolluğuna görə 80 manat cəriməyə məruz qalıb. MOİK-lə görüşdə 4 futbolçusu “sarı” alan “Turan Tovuz” da “40-cı maddə”yə görə 80 manat ziyana düşüb.
Beləliklə, son iclasda klublara 3000 manat cərimə kəsilib. Nəticədə mövsümün startından bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 8280 manata çatıb.